Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində mühüm qərar qəbul edilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən, hər bir dövlət orqanında rəqəmsallaşma üzrə məsul şəxs müəyyənləşdiriləcək.
Sərəncama əsasən, 2026-cı ilin iyun ayına qədər hər bir dövlət orqanı (qurumu) rəhbərinin müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik istiqamətləri üzrə funksiyanın icrasına cavabdeh şəxs təsbit olunmalıdır. Bu proses aidiyyəti qurumlar və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.
Məsul şəxslərin fəaliyyəti müvafiq sahələr üzrə müəyyən edilmiş strateji hədəflərlə əlaqələndiriləcək və onların vəzifə təlimatları yenilənəcək.
Hər bir qurum üçün “ƏFG kartı” təsdiqlənəcək. Bu kartda xidmətlərin rəqəmsallaşma faizi, kiberinsidentlərin sayı və digər əsas fəaliyyət göstəriciləri əksini tapacaq.
Eyni zamanda, rəqəmsallaşma, Sİ, innovasiya və kibertəhlükəsizlik üzrə çalışan mütəxəssislərin dövlət qurumlarında əməkhaqqı sisteminə yenidən baxılması nəzərdə tutulur.
Məsul şəxslərin fəaliyyəti ƏFG göstəriciləri əsasında rüblük qiymətləndiriləcək. Bunun üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən xüsusi idarəetmə paneli istismara veriləcək.
Bundan əlavə, məsul şəxslərin mükafatlandırılması və fəaliyyətinin davamlılığı hədəflərə çatma səviyyəsindən asılı olacaq.
Yeni mexanizm dövlət qurumlarında rəqəmsallaşma prosesinin daha sistemli, ölçülə bilən və nəticəyönümlü şəkildə həyata keçirilməsinə xidmət edəcək.
MONETAR.AZ