Dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinə dair minimum yaş həddi müəyyənləşdirilməsi istiqamətində qanunvericilik təşəbbüsləri genişlənir. Hökumətlər bu addımları onlayn təhlükəsizlik və yeniyetmələrin psixi sağlamlığı ilə bağlı narahatlıqlarla əsaslandırırlar.
Məlumata görə, bir çox ölkədə əsas yanaşma 15 və ya 16 yaşdan aşağı şəxslərin sosial media hesabı açmasının qadağan edilməsi və ya valideyn razılığı və yaşın təsdiqi mexanizmlərinin tətbiq olunmasıdır.
Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə ümummilli qadağa tətbiq edən ilk ölkə olub. Qanuna əsasən, “Instagram”, “TikTok” və “YouTube” kimi iri platformalara çıxış məhdudlaşdırılıb. Tələblərə əməl etməyən şirkətlər 34,9 milyon Avstraliya dollarınadək cərimələnə bilər.
Fransa parlamentinin aşağı palatası sosial şəbəkələr üçün minimum 15 yaş həddinin müəyyənləşdirilməsini dəstəkləyib. Qanunun qüvvəyə minməsi üçün Senatın da təsdiqi tələb olunur. Portuqaliya 16 yaşadək istifadəçilər üçün “açıq və təsdiqlənmiş valideyn razılığı” tələbini qanuniləşdirib, 13 yaşdan aşağı uşaqlar üçün isə tam qadağa nəzərdə tutulub.
Avropada oxşar təşəbbüslər Yunanıstan, İspaniya, Danimarka, Norveç, Almaniya, İtaliya, Sloveniya və Çexiyada müzakirə mərhələsindədir.
Avropadan kənarda Malayziya yaşa əsaslanan məhdudiyyətləri artıq qəbul edib. İndoneziya və Yeni Zelandiya isə oxşar addımları nəzərdən keçirir. Böyük Britaniyada da yaş məhdudiyyətləri ilə bağlı siyasətə yenidən baxılır.
ABŞda isə yanaşmalar ştatlara görə fərqlənir. Nebraska ştatı yetkinlik yaşına çatmayanlar üçün bəzi platforma funksiyalarını məhdudlaşdıran qanun qəbul edib. Virciniya ştatında isə 16 yaşdan aşağı istifadəçilər üçün gündəlik istifadə müddəti valideyn razılığı olmadıqda bir saatla məhdudlaşdırılıb.
Mütəxəssislər bildirirlər ki, sosial medianın gənclərə təsiri ilə bağlı elmi və ictimai müzakirələr artdıqca, müxtəlif ölkələrdə tənzimləmə təşəbbüslərinin genişlənəcəyi gözlənilir. Bununla belə, tətbiq olunan qaydalar ölkədən-ölkəyə əhəmiyyətli dərəcədə fərqlənir və hər bir model fərqli hüquqi və texniki mexanizmlərə əsaslanır.
MONETAR.AZ