Son illərdə dünya üzrə internet trafiki kəskin şəkildə artaraq 2020–2025-ci illər arasında iki dəfədən çox yüksəlib. Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union) məlumatlarına əsasən, rəqəmsal xidmətlər, video yayım platformaları və bulud texnologiyalarının genişlənməsi bu artımın əsas səbəbləri sırasındadır.
Sabit internet trafiki hələ də əsas yükü daşıyır və bu sahədə göstəricilər 2020-ci ildə təxminən 3 100 eksabayt olduğu halda, 2025-ci ildə 7 300 eksabayta yüksəlib. Bu artım xüsusilə video axın xidmətləri, bulud hesablama və böyük həcmli məlumat ötürmələrinin genişlənməsi ilə bağlıdır.
Mobil internet trafiki də paralel olaraq sürətlə artıb: 2020-ci ildə təxminən 560 eksabayt olan göstərici 2025-ci ildə 1 500 eksabayta çatıb. Bu dinamika əsasən smartfon istifadəsinin genişlənməsi, mobil tətbiqlərin artması və internetə çıxışın daha əlçatan olması ilə izah olunur.
Regionlar üzrə baxdıqda, ən böyük pay Asiya-Sakit okean regionuna aiddir və bu bölgə ümumi trafikin 50–60 faizini təşkil edir. Burada həm sabit, həm də mobil şəbəkələr üzrə trafik iki dəfədən çox artaraq mobil istiqamətdə 900 eksabaytı ötüb.
Amerika qitəsi qlobal trafikin ikinci ən böyük hissəsini formalaşdırır, Avropa isə üçüncü yerdə qərarlaşıb. Afrika və Ərəb ölkələri nisbətən daha aşağı göstəricilərə malik olsalar da, burada internet istifadəsinin artım tempi daha yüksəkdir və bu, mobil texnologiyaların yayılması ilə əlaqələndirilir.
Ümumilikdə, qlobal mənzərə göstərir ki, internet istehlakı sürətlə böyüyür və rəqəmsal infrastrukturun üzərinə düşən yük ildən-ilə artır. Ekspertlər bu tendensiyanın gələcəkdə daha güclü şəbəkə infrastrukturuna, 5G və 6G texnologiyalarının genişlənməsinə və data mərkəzlərinə investisiyaların artmasına səbəb olacağını bildirirlər.
MONETAR.AZ