Rəqəmsal inkişaf sürətləndirilir – Dövlət xidmətləri tam rəqəmsallaşdırılacaq

Rəqəmsal inkişaf sürətləndirilir –

Azərbaycan hökuməti 2026–2028-ci illər üçün rəqəmsal inkişaf sahəsində genişmiqyaslı tədbirlər planını açıqlayıb. Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planının əsas məqsədi dövlət informasiya ehtiyatlarının inteqrasiyasını təmin etmək, dövlət xidmətlərini proaktiv və “kağızsız” formatda təqdim etməkdir.

Fəaliyyət Planına əsasən, rəqəmsal inkişafı əngəlləyən çatışmazlıqların aradan qaldırılması üçün bir sıra prioritet istiqamətlər müəyyən edilib. İlk növbədə dövlət informasiya ehtiyatlarının mərkəzləşdirilməsi və məlumatların keyfiyyətinin artırılması hədəflənir. Bu çərçivədə vətəndaşlıq vəziyyəti, əmlak, səhiyyə, sosial təminat və sahibkarlıqla bağlı məlumatlar mərkəzləşdirilmiş idarəetmə sisteminə inteqrasiya olunacaq və “Dövlət məlumat hövzəsi” yaradılacaq. Eyni zamanda, dövlət orqanlarının lokal server infrastrukturlarından imtinası və bütün məlumatların “Hökumət buludu” üzərindən təmin edilməsi planlaşdırılır.

Dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması da əsas prioritetlərdəndir. Daxili idarəetmə prosesləri rəqəmsallaşdırılacaq və “kağızsız hökumət”ə keçid təmin ediləcək. Vətəndaş və sahibkarlardan sənədlər yalnız bir dəfə tələb olunacaq, elektron xidmətlərin vahid reyestri yaradılacaq, iş axınları optimallaşdırılacaq. “Mygov” və “Mygov Biznes” platformaları üzərindən bütün rəqəmsal xidmətlər təqdim ediləcək, ayrıca portal və mobil tətbiqlər birləşdiriləcək və xidmətlər “bir pəncərə” prinsipi ilə təqdim olunacaq.

Fəaliyyət Planında kadr və ekosistem inkişafına da diqqət yetirilib. Dövlət orqanlarının rəqəmsal sahədə bilik və səriştəsi artırılacaq, süni intellekt, innovasiya və kibertəhlükəsizlik üzrə yol xəritələri hazırlanacaq. Sahibkarlıq subyektlərinin rəqəmsallaşması üçün metodiki dəstək veriləcək, açıq məlumatlar “Açıq məlumatlar portalı”na inteqrasiya olunacaq və API-lər vasitəsilə biznes ekosistemi üçün əlçatan olacaq. Eyni zamanda, Elektron Hökumət İnkişafı İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılması və “Elektron iştirakçılıq” portalının istismara verilməsi nəzərdə tutulur.

Bu tədbirlər nəticəsində Azərbaycan dövlət xidmətlərini daha şəffaf, əlçatan və proaktiv təqdim etməyi, həmçinin rəqəmsal dövlət konsepsiyasını gücləndirməyi hədəfləyir.

MONETAR.AZ