Rəqəmsal xidmətlər beynəlxalq ticarətin ən sürətlə böyüyən seqmentinə çevrilsə də, ölkələrin bu sahədə tətbiq etdiyi qaydalar arasında kəskin fərqlər qalmaqdadır. Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2026-cı il üzrə Rəqəmsal Xidmətlər Ticarət Məhdudiyyətləri İndeksində (Digital Services Trade Restrictiveness Index) bildirilir.
0-dan (tam açıq) 1-dək (tam qapalı) interval üzrə qiymətləndirilən indeks rəqəmsal infrastruktur, elektron əməliyyatlar, ödəniş sistemləri və əqli mülkiyyət hüquqları sahəsində mövcud maneələri ölçür.
Açıqlıq səviyyəsinə görə ilk pillələrdə Böyük Britaniya, Avstraliya, Norveç və İsveçrə qərarlaşıb. Həmin ölkələrin hər biri 0,02 bal toplayaraq rəqəmsal ticarət üçün minimal məhdudiyyətlərin mövcud olduğunu nümayiş etdirib.
Kanada, Yaponiya və Meksika 0,04 göstərici ilə yüksək mövqe tutub. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Almaniya isə 0,06–0,08 aralığında nəticə göstərərək nisbətən açıq tənzimləmə mühitinə malik ölkələr sırasında yer alıb.
İndeks üzrə göstərici artdıqca məhdudiyyətlərin səviyyəsi də yüksəlir. Çin, Cənubi Afrika Respublikası və Argentina 0,29–0,30 bal toplayaraq orta səviyyəli məhdudiyyətlərlə seçilib. Misir (0,37) və Rusiya (0,47) isə rəqəmsal ticarətə ən qapalı ölkələr sırasında göstərilib.
Hesabatda vurğulanır ki, bu fərqlər qlobal rəqəmsal iqtisadiyyatın vahid çərçivədə formalaşdırılması baxımından ciddi çağırışlar yaradır. Ölkələr innovasiyanın təşviqi ilə tənzimləmə mexanizmləri arasında balans yaratmağa çalışırlar.
MONETAR.AZ