Azərbaycanda bir sıra dövlət xidmətləri tam olaraq onlayn formata keçəcək

Azərbaycanda bir sıra dövlət xidmətləri tam olaraq

Azərbaycanda təhsil və dövlət xidmətlərinin rəqəmsallaşdırılması prosesi davam edir. Dövlət məktəblərinin, lisey və gimnaziyaların birinci sinfinə qəbul, tələbələrin qeydiyyatı və daşınmaz əmlaka dair şəhadətnamələrin rəsmiləşdirilməsi artıq elektron qaydada myGov platforması və Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyi birinci sinfə qəbul xidmətinin EHİS sisteminə inteqrasiyasını 1 may 2026-cı ilədək təmin etməlidir. Xidmətin myGov platformasında istifadəyə verilməsi üzrə bütün işlər isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 10 iyun 2026-cı ilədək tamamlanmalıdır. Təhsil müəssisələrinə elektron qəbulun yeni mərhələləri də myGov-a inteqrasiya ediləcək və xidmətin 1 iyul 2026-cı ilədək istifadəyə verilməsi planlaşdırılır.

Daşınmaz əmlakla bağlı şəhadətnamələrin verilməsi üçün elektron müraciət və sənəd qəbulu EHİS vasitəsilə həyata keçiriləcək. İqtisadiyyat Nazirliyi xidmətin EHİS-ə inteqrasiyasını 10 oktyabr 2026-cı ilədək təmin etməlidir, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə mövcud iş proseslərini 18 oktyabradək təqdim etməlidir. Yenilənmiş proseslər 6 noyabradək razılaşdırılmalı, xidmət isə 30 dekabr 2026-cı ilədək myGov platformasında istifadəyə verilməlidir.

Beləliklə, 2026-cı ilin sonunadək Azərbaycanda əsas təhsil və dövlət xidmətləri tam rəqəmsal formada vətəndaşların istifadəsinə təqdim olunacaq, bu da xidmətlərin daha rahat və sürətli şəkildə əldə edilməsini təmin edəcək.