17 milyona ölkəyə neçə baş cins qaramal gətirilə bilər?

17 milyona ölkəyə neçə baş cins qaramal

Azərbaycanın heyvandarlıq sektorunun inkişafı və genetik potensialın yaxşılaşdırılması məqsədilə 2026-cı ilin dövlət büdcəsində əhəmiyyətli artım proqnozlaşdırılır. Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin komitələrinin birgə iclasında bu istiqamətdə nəzərdə tutulan maliyyəni açıqlayıb.

Nazirin verdiyi məlumata görə, 2026-cı ilin dövlət büdcəsinin proqnoz layihəsində ölkə daxilindən və xaricdən alınan damazlıq heyvanların güzəştlə satılması üçün ümumilikdə 17,3 milyon manat vəsait ayrılması planlaşdırılıb. Bu rəqəm 2025-ci illə müqayisədə 1,1 milyon manat və ya 6,8 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq sektorunun inkişafının əsas istiqamətlərini də müəyyən edib. Hədəf qaramalın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, həmçinin müasir saxlama metodlarının tətbiqidir.

Belə ki, yüksək məhsuldarlıq əmsallarına malik damazlıq heyvanların idxalı və kənd təsərrüfatı istehsalçılarına güzəştlə verilməsi süd və ət məhsullarının keyfiyyət və həcminin artırılmasına xidmət edəcək. Bundan əlavə, mövcud heyvanların genetik potensialının süni mayalama proqramları vasitəsilə yaxşılaşdırılması və müasir genetik xətlərin yerli populyasiyaya daxil edilməsi təmin olunacaq.

Damazlıq heyvanların sayı barədə dəqiq rəqəm vermək çətindir, lakin ayrılan 17,3 milyon manat vəsaitə əsaslanaraq təxmini hesablamalar aparmaq mümkündür. Beynəlxalq bazarda və Azərbaycana gətirilən yüksək məhsuldar cins qaramalın bir başının orta qiyməti 4-6 min manat arasında dəyişir. Dövlət tərəfindən ayrılan vəsait isə tam olaraq güzəştə yönəldiləcək.

Orta hesabla bir baş damazlıq qaramal üçün dövlətin güzəşti 3500 manat təşkil edərsə, 17,3 milyon manat vəsait sayəsində ölkəyə və təsərrüfatlara təxminən 4300-dən 5700-ə qədər yüksək məhsuldar damazlıq qaramalın güzəştli lizinq yolu ilə verilməsi mümkün olacaq.

MONETAR.AZ