Gürcüstanda aqrar təhsil məsələləri üzrə görüşlər keçirilib

Gürcüstanda aqrar təhsil məsələləri üzrə

Gürcüstana səfərdə olan Azərbaycan nümayəndə heyəti, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliyi ilə Gürcüstanın elm, təhsil və gənclər naziri Givi Mikanadze ilə görüş keçirib. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Tərəflər aqrar sahədə mütəxəssis hazırlayan universitetlər arasında tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Bundan əlavə, gənclərin ikili diplom proqramlarına, təhsil və təcrübə proqramlarına cəlb olunması imkanları müzakirə edilib. Elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Nazirlər həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Onlar birgə elmi-praktik konfransların təşkili, baytarlıq və digər sahələr üzrə kadr hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də Gürcüstanda yaşayan soydaşların aqrar təhsilə cəlb olunmasını stimullaşdıran proqramların hazırlanmasını müzakirə ediblər.

Tərəflər yaxın vaxtlarda universitet rəhbərliklərinin qarşılıqlı səfərlərinin təşkil olunması barədə razılığa gəliblər ki, bu da Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında tərəfdaşlığın qurulmasına şərait yaradacaq.

Bundan əlavə, nazir Məcnun Məmmədov Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə də görüş keçirib. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın inkişafı üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub.