Azərbaycanda quşçuluq sektorunda cücə inkubatorları sahibkarlar üçün gəlirli biznes istiqaməti hesab olunur. Mütəxəssislərin hesablamalarına görə, ölkədə orta ölçülü inkubator sexləri bir mövsümdə 50–55 min cücə istehsal edə bilir ki, bu da sahibkarlara illik 75–110 min manat gəlir imkanı yaradır.
belə bir müəssisənin yaradılması üçün investisiya xərcləri ilkin mərhələdə 50–80 min manat təşkil edir. Bu xərclərə binanın tikintisi və təmiri, inkubator avadanlığı, istilik və havalandırma sistemi, işçi qüvvəsi və digər texniki xərclər daxildir. Əməliyyat xərcləri hər mövsüm üçün təxminən 20–25 faiz olmaqla gəlirin formalaşmasına təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırılmış və texniki təminatı yüksək inkubator sexləri bir ildən sonra xalis gəlir gətirə bilər. Mövsümdə 50 min cücə istehsal edən müəssisələrdə xalis gəlir təxminən 57 min manat, qiymət hər cücə üçün 2 manat olduğu halda isə 82–85 min manat təşkil edir.
Azərbaycanın cücə inkubator biznesi ilə məşğul olan sahibkar Məcid Səmədov bildirir ki, bu sahə gəlirli olmaqla yanaşı, ciddi diqqət və peşəkarlıq tələb edir: “İnkubator biznesinə 2019-cu ildə başlamışam. İlkin investisiya təxminən 70 min manat idi. Bu gün hər mövsümdə 50 min cücə istehsal edə bilirik. Qiymət hər cücə üçün 2 manatdır və mövsümdən asılı olaraq gəlir 80–85 min manat arasında dəyişir”
O əlavə edib ki, biznesin gəlirliliyi inkubatorun texniki vəziyyəti, yumurtaların keyfiyyəti və bazar tələbinə bağlıdır. “Ən böyük risk quş xəstəlikləri və bazar qiymətlərindəki dalğalanmalardır. Ona görə də hər cücə üçün sağlamlıq sertifikatı, düzgün temperatur və rütubət rejimi çox vacibdir”.
Sahibkar həmçinin tövsiyə edir ki, dövlətin subsidiyalarından və kredit dəstəyindən istifadə edilsin, bazar araşdırması apararaq müştərilərlə müqavilələr bağlansın. “Bu sahədə uğur qazanmaq istəyənlər üçün əsas şərt səbir, diqqət və planlaşdırmadır”, deyə sahibkar bildirir.
Sahə üzrə risklər arasında quş xəstəlikləri, bazar qiymətlərində dəyişkənlik və enerji xərclərinin artması diqqət çəkir. Mütəxəssislər sahibkarlara keyfiyyətli yumurta və sağlamlıq sertifikatlı cücələrdən istifadə etməyi, dövlət və donor dəstəyi proqramlarından yararlanmağı, həmçinin bazar araşdırması apararaq fermalarla müqavilələr bağlamağı tövsiyə edirlər.
Sektorun strateji əhəmiyyətini göstərən rəqəmlər göstərir ki, damazlıq yumurtaların idxalı hələ də yüksəkdir. Ölkədə istifadə olunan damazlıq yumurtaların 50%-dən çoxu xaricdən, əsasən Türkiyə, Rusiya və Avropa ölkələrindən gətirilir.
Ölkə daxilində sənaye miqyaslı broyler istehsalı üçün illik cücəyə olan tələbat 80–90 milyon ədəd civarında qiymətləndirilir. Yerli inkubatorlar və damazlıq təsərrüfatları bu tələbatın təqribən 40–50 faizi qarşılaya bilir.
Çıxış faizi müasir sənaye inkubatorlarında 80–90 faiz, kiçik fərdi inkubatorlarda isə 60–75 faiz arasında dəyişir. Broyler cücələrin inkubasiyası 21 gün çəkir. Bu il ərzində bir inkubatorun 16–17 dövr işləyə bilməsi deməkdir. 5–10 min yumurta tutumlu bir inkubator avadanlığının dəyəri 15–30 min manat arasında dəyişir.
MONETAR.AZ