Azərbaycanın daxili su obyektlərində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovlanması aprelin 1-dən etibarən rəsmən dayandırılır. Bu məhdudiyyət bioloji resursların bərpası və balıqların kürüləmə prosesinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, moratorium aşağıdakı su obyektlərinə şamil olunur:
-
Kür çayı
-
Sarısu gölü
-
Mingəçevir su anbarı
-
Şəmkir su anbarı
-
Araz su anbarı
-
Yenikənd su anbarı
Sənaye balıqçılığı üçün tətbiq edilən qadağa 1 aprel 2026-cı il tarixindən başlayaraq 1 sentyabr 2026-cı il tarixinədək davam edəcək. Sentyabrın 1-dən sonra isə yalnız müvafiq balıqovlama biletinə malik olan şəxslər müəyyən edilmiş kvotalar daxilində fəaliyyətlərini bərpa edə biləcəklər.
Qanunvericilik idman və həvəskar balıq ovu ilə məşğul olan şəxslər üçün bəzi yüngülləşdirmələr nəzərdə tutur:
-
Həvəskar balıqçılıq üçün xüsusi balıqovlama bileti tələb olunmur.
-
Lakin bu növ ov yalnız Qaydalarla müəyyən edilmiş limitlər və vasitələr (məsələn, qarmaqlı tilovlar) daxilində həyata keçirilməlidir.
Qadağa dövründə qanunsuz ovla məşğul olan, o cümlədən ov qaydalarını pozan şəxslərə qarşı sərt tədbirlər görüləcək.
Aidiyyatı qurumlar vətəndaşları və balıqçılıqla məşğul olan sahibkarları qanunun tələblərinə əməl etməyə, su ekosisteminin qorunmasında məsuliyyətli olmağa çağırır.
MONETAR.AZ