Teslanın rüblük satışları proqnozlardan daha çox azalıb

Teslanın rüblük satışları proqnozlardan

Tesla ilk rübdə 351,2 min elektromobil satıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6% artım göstərsə də, 2025-ci ilin dördüncü rübü ilə müqayisədə 13% azdır. Eyni zamanda nəticə analitiklərin 365 min satış proqnozundan da aşağı olub.

Məlumatların açıqlanmasından sonra şirkətin səhmləri 5,4% ucuzlaşıb. Bu, son bir ildə qeydə alınan ən böyük günlük enişdir. İlin əvvəlindən etibarən Tesla səhmləri təxminən 20% dəyər itirib.

Ötən il də Teslanın satışları mütəmadi olaraq azalırdı. Xüsusilə Avropa bazarında geriləmə müşahidə olunurdu ki, bu da şirkətin təsisçisi Elon Muskın siyasi fəaliyyəti və bəzi açıqlamaları ilə əlaqələndirilirdi və bir sıra alıcıların narazılığına səbəb olmuşdu. Bu il isə Avropada satışlar bərpa olunub: fevral ayında Tesla avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 12% artıb.

Bununla belə, şirkətin fəaliyyətinə bir neçə amil mənfi təsir göstərməkdə davam edir: model çeşidinin köhnəlməsi, ABŞ-da subsidiyaların ləğvi, artan rəqabət və iqtisadi qeyri-müəyyənlik fonunda elektromobillərə ümumi tələbin zəifləməsi.

Qlobal bazarda əsas rəqiblərdən biri olan BYD-nin də ilk rübdə satışları 25% azalıb.

Jed Dorsheimerin fikrincə, Tesla-nın cari nəticələrinə mənfi təsir edən amillərdən biri də şirkətin diqqətini getdikcə daha çox tam avtonom sistemlərin inkişafına yönəltməsi və elektromobil biznesini müəyyən mənada ikinci plana keçirməsidir.

Tesla 2026-cı ilin ilk rübü üzrə tam maliyyə hesabatını 22 aprel tarixində açıqlayacaq.

MONETAR.AZ