Chery Automobile Cənubi Afrikada istehsala başlamağı planlaşdırır

Chery Automobile Cənubi Afrikada

Chery Automobile 2027-ci ilin sonuna qədər Cənubi Afrika ərazisində avtomobil istehsalına başlamağı planlaşdırır. Şirkət bu məqsədlə Nissan-dan aldığı zavodu modernləşdirərək istifadəyə vermək niyyətindədir.

Şirkətin beynəlxalq bölməsi olan Chery International-ın icraçı vitse-prezidenti Charlie Zhang bildirib ki, zavodun yenilənməsi sürətlə aparılacaq və istehsalın (SOP) 2027-ci ilin sonuna qədər başlanması gözlənilir.

Rosslyn bölgəsində yerləşən müəssisənin 12–18 ay ərzində yenidən qurulması və modernləşdirilməsi planlaşdırılır. Alqı-satqı dəyəri və investisiya həcmi açıqlanmayıb.

Chery bu zavodda həm daxili yanma mühərrikli, həm də yeni enerji mənbələrinə əsaslanan avtomobillər istehsal etməyi nəzərdə tutur. Xüsusilə hibrid, plug-in hibrid və tam elektrik modellərin əsas məhsul xəttini təşkil edəcəyi gözlənilir. İstehsal olunan avtomobillərin Afrika və Avropa bazarlarına ixracı planlaşdırılır.

Şirkət həmçinin yerli təchizat zənciri yaratmağı da hədəfləyir. Bu addım Chery-nin regionda mövqelərini gücləndirəcək, çatdırılma müddətlərini azaldacaq və rəqabət qabiliyyətini artıracaq.

Qeyd edək ki, Chery dörd il əvvəl Cənubi Afrika bazarına qayıdıb və hazırda ölkədə ən çox satılan avtomobil markaları arasında ilk onluqda yer alır. Orta hesabla ildə təxminən 50 min avtomobil satır və 150 dilerdən ibarət geniş şəbəkəyə malikdir.

MONETAR.AZ