İran faktiki olaraq Hörmüz boğazı üzərindən keçidə qeyri-rəsmi nəzarət sistemi qurub və gəmilərdən təhlükəsiz tranzit üçün ödəniş tələb edir. Bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, icazə almaq üçün gəmi sahibləri İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli vasitəçi ilə əlaqə saxlamalı, gəmi barədə məlumatları təqdim etməli və “düşmən” ölkələrlə əlaqələrin yoxlanılmasından keçməlidirlər.
Bundan sonra keçid haqqı ilə bağlı danışıqlar başlanır. Mənbələrin bildirdiyinə görə, neft tankerləri üçün baza tarif təxminən hər barel üçün 1 ABŞ dollarıdır. Lakin hesablaşmalar dollarla deyil, Çin yuanı və ya dollara bağlı sabit kriptovalyutalar vasitəsilə aparılır.
Agentlik qeyd edir ki, bu sxem sanksiyalardan yayınmağa imkan verir: dollarla əməliyyatlar bloklana bildiyi halda, yuan və kriptovalyutalar hesablaşmaları Qərb maliyyə sistemindən kənara çıxarır.
Mənbələrin sözlərinə görə, İran tərəfi ölkələri 1-dən 5-ə qədər reytinqləndirir və “dost” hesab edilən ölkələrə məxsus gəmilər daha əlverişli şərtlər əldə edir. Ödəniş edildikdən sonra gəmi xüsusi icazə kodu və marşrut alır, boğaza daxil olarkən bu kodu radio vasitəsilə ötürür və İran hərbi patrulu tərəfindən müşayiət olunur.
MONETAR.AZ