ABŞ-ın xəzinə istiqrazları kütləvi şəkildə satılır

ABŞ-ın xəzinə istiqrazları

“Financial Times”ın məlumatına görə, İranla bağlı müharibə fonunda bir sıra ölkələrin mərkəzi bankları ABŞ-ın xəzinə istiqrazlarını kütləvi şəkildə satır. Neft idxalçısı olan ölkələr, o cümlədən Türkiyə, Hindistan və Tailand bahalaşan nefti ödəmək üçün dollar vəsaiti əldə etmək məqsədilə bu aktivlərdən çıxmağa məcbur qalırlar.

ABŞ Federal Ehtiyat Sisteminin məlumatına əsasən, Nyu-York Federal Ehtiyat Bankında saxlanılan ABŞ dövlət istiqrazlarının həcmi 25 fevraldan bəri 82 milyard dollar azalaraq 2,7 trilyon dollara düşüb. Bu istiqrazların əsas sahibləri mərkəzi banklar olsa da, onların arasında hökumətlər və beynəlxalq təşkilatlar da var.

Məlumata görə, Türkiyə Mərkəzi Bankı 27 fevraldan İrana hücumlardan bir gün əvvəldən etibarən valyuta ehtiyatlarından 22 milyard dollarlıq xarici dövlət qiymətli kağızları satıb. Ehtimal olunur ki, bu aktivlərin böyük hissəsi məhz ABŞ istiqrazları olub. Bundan əlavə, Türkiyə münaqişə başladıqdan sonra təxminən 60 ton qızıl da satıb.

Oxşar proses Tailand və Hindistanda da müşahidə olunur. Bu ölkələrin valyuta ehtiyatları münaqişənin başlanmasından bəri azalır. Lakin bu azalmanın ABŞ istiqrazlarının, yoxsa dollar depozitlərinin satışı ilə bağlı olduğu tam aydın deyil.

Beynəlxalq Münasibətlər Şurasının eksperti Bred Setserin sözlərinə görə, bir çox ölkə öz valyutalarının daha da ucuzlaşmasını istəmir. Çünki bu, neftin daxili qiymətini artırır və ya dövlət subsidiyalarını yüksəldir, ya da əhali üzərində əlavə maliyyə yükü yaradır. Bu səbəbdən mərkəzi banklar valyuta bazarına müdaxilə edərək milli valyutanın ucuzlaşmasının qarşısını almağa çalışırlar.

Eyni zamanda, Yaxın Şərqin neft ixrac edən ölkələri də neft gəlirlərindəki azalmaları kompensasiya etmək üçün aktivlərini sata bilərlər, baxmayaraq ki, onların ABŞ istiqrazlarında payı nisbətən azdır.

Bu kütləvi satışlar artıq təzyiq altında olan borc bazarında baş verir. Treyderlər Yaxın Şərqdəki münaqişənin inflyasiyanı sürətləndirə biləcəyindən ehtiyat edirlər. Nəticədə, iki və onillik ABŞ istiqrazlarının gəlirliliyi 2024-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

Aegon Asset Management şirkətinin baş investisiya direktoru Stiven Cons qeyd edib ki, bu dinamika investorların “çətin günlər üçün ehtiyat toplaması”, yəni likvidlik yaratmaq məqsədilə istiqrazları satması ilə bağlı ola bilər.

MONETAR.AZ