Asiyada mayeləşdirilmiş təbii qaz (LNG) idxalı mart ayının yekunlarına görə son üç ildən çox müddətdə ən kəskin azalma ilə üzləşib. Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi əsas tədarük marşrutlarını iflic edib və qiymət şokuna səbəb olub. Nəticədə bir çox Asiya ölkələri təcili şəkildə kömürdən istifadəyə qayıtmağa məcbur qalıb.
Bloomberg tərəfindən gəmi izləmə məlumatlarına əsasən, Asiya-Sakit okean regionuna LNG tədarükləri illik müqayisədə 8,6% azalaraq təxminən 20,6 milyon tona düşüb. Bu, 2022-ci ilin dekabrından bəri ən kəskin azalma hesab olunur.
Bloomberg Intelligence analitiklərinin proqnozuna görə, infrastrukturun fiziki zədələnməsi və spot bazarda məhdud həcmlər uğrunda sərt rəqabət səbəbindən Asiyada qaz qiymətləri daha 50% arta bilər.
Mart ayındakı azalma region ölkələrinə qeyri-bərabər təsir edib. Çin və Hindistan ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20% daha az LNG alıblar. Pakistan isə idxalda təxminən 70%-lik kəskin enişlə üzləşib.
Qaz çatışmazlığı hökumətləri radikal addımlar atmağa məcbur edir. Banqladeş, Hindistan və Yaponiya kimi ölkələr köhnə enerji güclərini yenidən işə salaraq kömürdən geniş istifadə etməyə başlayıblar. Vyetnamda isə ölkənin ən böyük konqlomeratlarından biri olan Vingroup LNG layihəsindən imtina edərək bərpa olunan enerji layihələrinə keçid üçün hökumətə müraciət edib.
Bununla belə, yüksək qiymət ödəməyə hazır olan bəzi Asiya alıcıları Avropa üçün nəzərdə tutulmuş LNG yüklərinin bir hissəsini özlərinə yönəldə biliblər. Bu isə Avropada da təsirini göstərib. Qərbi Avropada LNG idxalının artım tempi mart ayında cəmi 3,5% olub.
Bu tendensiya Avropa birliyi üçün risklidir. Çünki Avropa növbəti qış mövsümünə hazırlaşmaq üçün yay aylarında anbarlarını doldurmaq məqsədilə rekord həcmdə LNG idxal etməyə ehtiyac duyur.