SOCAR və Misir arasında çərçivə sazişi imzalanıb

SOCAR və Misir arasında çərçivə

Dünən Qahirə şəhərində keçirilən Egypt International Petroleum Show 2026 çərçivəsində SOCAR Trading ilə Egyptian General Petroleum Corporation arasında əməkdaşlıq haqqında çərçivə sazişi imzalanıb.

Sənədi SOCAR Trading-in baş icraçı direktoru Natiq Mustafayev və EGPC-nin icraçı direktoru Salah Abdel Karim imzalayıblar.

Müsahibəsində N. Mustafayev bildirib ki, SOCAR artıq 15 ildir Misirlə əməkdaşlıq edir: bu saziş tərəfdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq və şirkətin investisiya və ticarət potensialını artıracaq.

S. Abdel Kərim isə SOCAR-ı saziş münasibətilə təbrik edərək qeyd edib ki, bu sənəd Azərbaycanın neft-qaz məhsullarının Misir bazarına çıxışını daha da asanlaşdıracaq. Onun sözlərinə görə, Misir böyük və perspektivli bazardır və SOCAR-ın yalnız xam neft tədarükü ilə kifayətlənməyərək, kəşfiyyat və hasilat sahələrində də fəal iştirak etməsi arzu olunur.

O əlavə edib ki, Azərbaycan və Misir arasında dövlətlərarası səviyyədə sıx əməkdaşlıq mövcuddur və bu əlaqələrin neft-qaz sektorunda daha da dərinləşdirilməsi planlaşdırılır.

Sazişin imzalanma mərasimində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.