Hindistanda aviasiya turbin yanacağının (ATF) qiyməti son həftələrdə dünya neft qiymətlərinin artması fonunda iki dəfədən çox yüksəlib. İlk dəfə olaraq son dörd ildə yanacağın bir kilolitrinin qiyməti 200 min Hindistan rupisini (2,1 min dollardan çox) keçib. Halbuki ötən ayın əvvəlində bu göstərici təxminən 96,6 min rupi (1,3 min dollar) idi.
Məlumatlar Indian Oil Corporation, Bharat Petroleum və Hindustan Petroleum kimi dövlət neft-qaz şirkətlərinin rəsmi saytlarına istinadən təqdim olunub. Bu şirkətlər qiymətləri hər ay dünya bazarındakı dəyişikliklərə və rupi məzənnəsinə uyğun olaraq tənzimləyirlər. Ölkədə aviasiya yanacağının əvvəlki kəskin bahalaşması 2022-ci ildə qeydə alınmışdı.
Aviasiya sahəsinin ekspertləri xəbərdarlıq edirlər ki, yanacağın bahalaşması nəticəsində sərnişinlər aviabiletlərin qiymətinin artmasına hazır olmalıdırlar.
Eyni zamanda Hindistanda kommersiya məqsədli mayeləşdirilmiş karbohidrogen qazlarının (LPG) qiyməti də artıb. Otel və restoran sektorunda geniş istifadə olunan 19 kq-lıq qaz balonu 195,5 rupi (təxminən 2 dollar) bahalaşaraq minimum 2 min rupi (22 dollar) səviyyəsinə çatıb. Bununla yanaşı, məişətdə istifadə olunan 14,2 kq-lıq qaz balonlarının qiyməti dəyişməyib və 913 rupi (təxminən 9,7 dollar) səviyyəsində qalıb. Sonuncu dəfə bu balonların qiyməti martın əvvəlində artırılmışdı.
Enerji resurslarının qlobal bahalaşmasının əsas səbəbi kimi Hörmüz boğazı üzərindən daşımaların məhdudlaşdırılması göstərilir. Bu marşrut Fars körfəzi ölkələrindən neft və qaz tədarükündə əsas rol oynayır və Hindistan da bu xammalın əsas idxalçılarından biridir.
Qeyd edək ki, 5 mart tarixində ABŞ Maliyyə Nazirliyi Hindistana tankerlərə artıq yüklənmiş Rusiya neftinin alışını 30 gün müddətinə bərpa etməyə icazə vermişdi.
MONETAR.AZ