Almaniyada elektrik Fransadan niyə 4 dəfə bahadır?

Almaniyada elektrik Fransadan niyə 4 dəfə

Avropa İttifaqının iki ən böyük iqtisadiyyatı arasında enerji bazarlarında görünməmiş fərq yaranıb. Bloomberg-in məlumatına görə, 2026-cı ilin may ayı üçün Almaniyada elektrik enerjisinin topdansatış qiyməti Fransadakı analoji göstəricidən demək olar ki, dörd dəfə yüksəkdir.

Avropa Enerji Birjasının (EEX) məlumatına əsasən, Almaniyada may fyuçersləri 1 MWh üçün 86,80 avro səviyyəsində ticarət olunur. Eyni dövrdə Fransada bu göstərici cəmi 22,06 avro təşkil edir.

Bu kəskin fərqin əsas səbəbi enerji istehsalının strukturudur. Fransa ənənəvi olaraq güclü atom elektrik stansiyaları parkına və bərpa olunan enerji mənbələrinə əsaslanır. Bu isə ölkəyə qlobal karbohidrogen qiymətlərindən demək olar ki, asılı olmayan sabit və ucuz elektrik enerjisi təmin edir.

Almaniya isə 2023-cü ildə son nüvə reaktorlarını bağlayaraq enerji sistemini ehtiyat mənbə kimi fosil yanacaqlardan ciddi şəkildə asılı vəziyyətə salıb. Günün axşam saatlarında və ya küləksiz günlərdə günəş və külək enerjisinin istehsalı azaldıqda, yaranan boşluq kömür və ya xeyli bahalaşmış qaz hesabına doldurulur. Bu isə elektrik enerjisinin qiymətlərini kəskin şəkildə artırır.

Ekspertlərin fikrincə, bu struktur fərqi illərdir formalaşsa da, Yaxın Şərqdəki müharibə vəziyyəti onu daha da dərinləşdirib. Geosiyasi risklər enerji bazarlarında əlavə qiymət təzyiqi yaradaraq mövcud fərqi daha da artırır.

Qiymət artımını yumşaltmaq üçün Almaniya enerji şirkətləri istehsalı kömürə yönəltməyə çalışsa da, imkanlar məhduddur. İqlim siyasəti çərçivəsində ölkədə çox sayda kömür elektrik stansiyası artıq bağlanıb.

Məlumata görə, Almaniya hökuməti hazırda fövqəladə tədbirləri müzakirə edir. Strateji ehtiyatda olan kömür bloklarının yenidən işə salınması və hətta əvvəllər bağlanmış stansiyaların bərpası gündəmdədir.

Bundan əlavə, Fransadan daha ucuz elektrik enerjisinin ixracını məhdudlaşdıran infrastruktur problemləri də iki ölkə arasında qiymət fərqinin daha da böyüməsinə səbəb olur.

MONETAR.AZ