“Jefferies”in məlumatına görə, Yaponiyanın enerji keçidinə yönələn investisiyaları 2025-ci ildə illik müqayisədə 43% artaraq dünyanın ən böyük iqtisadiyyatları arasında ən yüksək artım tempini göstərib.
Real sektorun enerji keçidi sahəsinə kapital qoyuluşları əvvəlki illə müqayisədə 43% yüksəlib. Bu göstərici Avropa İttifaqında 18%, Hindistanda 15%, ABŞ-da isə cəmi 3% artımla müqayisədə xeyli yüksəkdir. Eyni dövrdə Çində investisiyalar 4% azalıb.
Artımın əsas hissəsini “təmiz sənaye” sahəsinə yönələn yatırımlar təşkil edib. Bu istiqamətdə investisiyalar faktiki olaraq sıfır səviyyədən 7,5 milyard dollar artıb. Bərpa olunan enerji sahəsinə yatırımlar isə illik müqayisədə 3,2 milyard dollar artaraq 10,5 milyard dollara çatıb (təxminən 45% artım) və ümumi xərclər baxımından ən böyük kateqoriya olaraq qalıb.
Nüvə energetikasına investisiyalar 1,4 milyard dollar artaraq 266% yüksəlib. Elektrikləşdirilmiş isitmə 12%, enerji saxlama sistemləri isə 37% artım göstərib.
Eyni zamanda, elektrik şəbəkələrinə yatırımlar 1,8 milyard dollar azalaraq 18% geriləyib, elektrik nəqliyyatı sahəsində investisiyalar isə 0,8 milyard dollar (17%) azalıb.
Ümumilikdə investisiyaların həcmi təxminən 40 milyard dollar təşkil edib ki, bu da Çin (800 milyard dollar), ABŞ (380 milyard dollar) və Avropa İttifaqı (455 milyard dollar) ilə müqayisədə xeyli aşağıdır. Qeyd olunur ki, 2025-ci ildəki bu artım 2024-cü ildə investisiyaların sabit qalmasından sonra baş verib.
MONETAR.AZ