Avropa İttifaqı enerji böhranının uzanacağı ehtimalına ciddi şəkildə hazırlaşır. Reuters xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası fonunda yaranmış vəziyyət Brüsseli fövqəladə tədbirləri yenidən gündəmə gətirməyə vadar edib.
Bu barədə Aİ-nin energetika üzrə komissarı Dan Yorgensen üzv ölkələrin energetika nazirləri ilə keçirilən təcili onlayn iclasdan sonra bildirib. Onun sözlərinə görə, hazırda 2022-ci ildə Rusiyanın Avropaya qaz tədarükünü kəskin azaltdığı dövrdə tətbiq edilən mexanizmlərin yenidən aktivləşdirilməsi nəzərdən keçirilir.
Aİ-nin ilkin planlarına elektrik enerjisi üzrə şəbəkə tariflərinin məhdudlaşdırılması və vergilərin azaldılması daxildir. Bununla yanaşı, daha sərt addımlar da istisna edilmir.
2022-ci ildə tətbiq olunan fövqəladə paket aşağıdakı tədbirləri əhatə edirdi:
- qaz qiymətlərinə sərt limitin tətbiqi,
- enerji şirkətləri üçün fövqəladə mənfəət vergisi,
- qaz istehlakının azaldılması üzrə məcburi kvotalar.
Komissar vurğulayıb ki, böhranın nə qədər davam edəcəyi və nə qədər dərin olacağı hələ məlum deyil. Onun fikrincə, vəziyyət tezliklə normallaşmayacaq: “Hətta sabah sülh əldə olunsa belə, nəticələr dərhal aradan qalxmayacaq, çünki regionun enerji infrastrukturu zərər görüb.”
Maraqlıdır ki, Avropa İttifaqı üçün problem birbaşa xam neft və boru kəməri qazının çatışmazlığı deyil. Avropa artıq idxalı diversifikasiya edib və əsasən Yaxın Şərqdən kənar mənbələrə yönəlib.
Lakin qısa müddətdə əsas risk neft məhsulları ilə bağlıdır. Xüsusilə aviasiya yanacağı və dizel tədarükü narahatlıq doğurur. Yaxın Şərq ölkələri Avropanın kerosin idxalının təxminən 15%-ni təmin edir.
Mümkün qıtlığın qarşısını almaq üçün Dan Yorgensen Aİ ölkələrinə müraciət edərək neft emalı zavodlarında planlaşdırılmış təmir işlərinin təxirə salınmasını tövsiyə edib. Məqsəd, müəssisələrin maksimum gücdə fasiləsiz işləməsini təmin etməkdir.
MONETAR.AZ