FED iki yol ayrıcında

 FED iki yol

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell bildirib ki, hazırda qurumun iki əsas hədəfi – inflyasiyanın cilovlanması və məşğulluğun qorunması arasında müəyyən gərginlik mövcuddur.

Cerom Pauell Harvard Universitetində çıxışı zamanı qeyd edib ki, əmək bazarında aşağı yönlü risklər faiz dərəcələrinin aşağı saxlanmasını zəruri edir. Lakin eyni zamanda inflyasiya üzrə yuxarı risklər əksinə, sərt pul siyasətinin davam etdirilməsini tələb edir.

Onun sözlərinə görə, son aylarda FED daxilində fikir ayrılıqları da artıb. Pauell bildirib ki, belə mürəkkəb iqtisadi şəraitdə tam yekdillik gözləmək real deyil və müzakirələrin intensiv olması normal haldır.

FED rəhbəri əlavə edib ki, tariflərin inflyasiyaya təsiri “gözə çarpan” olacaq, lakin bu təsirin birdəfəlik xarakter daşıyacağı gözlənilir.

Cerom Pauell inflyasiya gözləntilərinin ümumilikdə nəzarət altında qaldığını vurğulasa da, iqtisadi proseslərin yekun təsirlərinin hələ tam aydın olmadığını qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən FED ehtiyatlı və balanslı qərarlar verməyə çalışır.

O, həmçinin qurumun müstəqilliyinin vacibliyini önə çəkərək bildirib ki, FED siyasi təsirlərdən kənar fəaliyyət göstərməlidir. “Məqsədimiz siyasətdən asılı olmadan qərar verməkdir”, – deyə o vurğulayıb.

FED sədri maliyyə sisteminin əvvəlki dövrlərlə müqayisədə daha dayanıqlı olduğunu qeyd edib və 2008 qlobal maliyyə böhranı kimi hadisələrə qarşı müqavimətin gücləndirildiyini bildirib.

Əmək bazarına toxunan Pauell iş yerlərinin yaradılma tempinin zəiflədiyini və bunun daha uzunmüddətli tendensiyaya çevrilə biləcəyini deyib. Xüsusilə əmək bazarına yeni daxil olan şəxslər üçün şəraitin çətinləşdiyi vurğulanıb.

Bununla yanaşı, o, süni intellektin məhsuldarlığı artırdığını qeyd edərək orta və uzun müddətli perspektivdə iqtisadiyyatla bağlı nikbin mövqe sərgiləyib.

MONETAR.AZ