Çin aldığı qazı rekord həcmdə yenidən satır

Çin aldığı qazı rekord həcmdə

Çin şirkətləri spot bazarda qiymətlərin kəskin artmasından faydalanaraq rekord həcmdə mayeləşdirilmiş təbii qazı (LNG) yenidən ixrac edir. Bu barədə Reuters məlumat yayıb.

Digər Asiya alıcıları İranda baş verən müharibə səbəbilə kəsilən tədarüklərə alternativ axtardığı halda, Çin daxili tələbatın zəifləməsi fonunda öz yerli qaz hasilatı və boru kəməri ilə idxal hesabına ehtiyacını qarşılaya bilir.

Dünyanın ən böyük LNG idxalçısı olan ölkə mart ayında 8–10 yük partiyasını yenidən ixrac edib ki, bu da aylıq rekord göstərici sayılır. Bu barədə ICIS, Kpler və Vortexa analitik şirkətlərinin məlumatlarında qeyd olunur.

Kpler-in məlumatına əsasən, ilin əvvəlindən etibarən Çin ümumilikdə 1,31 milyon ton LNG-ni (19 partiya) yenidən satıb: bunun 10 partiyası Cənubi Koreyaya, 5-i Taylanda, qalanları isə Yaponiya, HindistanFilippinə göndərilib.

Müqayisə üçün: 2025-ci ildə Çin 0,82 milyon ton, 2023-cü ildə isə 0,98 milyon ton LNG-ni yenidən ixrac etmişdi (bu, tarixdə ikinci ən yüksək illik göstəricidir).

Ölkə yenidən ixrac həcmini artıra bilib, çünki daxili LNG tələbatı sabitləşib: zəif iqtisadi aktivlik sənaye istehlakını azaldır, eyni zamanda daxili qaz hasilatı və Rusiyadan boru kəməri ilə tədarük artır.

ICIS analitiki Van Yuanda bildirib: “Zəif daxili tələbat fonunda alıcılar üçün LNG partiyalarını xaricə yenidən satmaq daha sərfəli olub.”

O əlavə edib ki, “istilik mövsümü başa çatdığı və spot qiymətlər cəlbedici olduğu üçün tələb təzyiqi yoxdur, buna görə Çin yükləri yenidən ixrac edə bilir.”

Asiyada LNG qiymətləri 28 fevral tarixindən etibarən Hörmüz boğazı vasitəsilə enerji daşımalarının pozulması nəticəsində 85% artıb.

MONETAR.AZ