Fransada yüzlərlə yanacaqdoldurma məntəqəsində yanacaq tükənib. Yaxın Şərqdəki müharibə nəticəsində yaranan qlobal qiymət artımından əhalini qorumaq məqsədilə hökumət benzin və dizel üçün süni qiymət plafonu tətbiq edib. Bu addım kəskin tələb artımına səbəb olaraq stansiyaların rezervuarlarını sürətlə boşaldıb. Bu barədə Bloomberg yazır.
Fransa Energetika Nazirliyinin məlumatına görə, ən azı bir növ yanacağın tükəndiyi 900 stansiyanın 700-ü TotalEnergies SE şirkətinə məxsusdur.
Hakimiyyət bildirir ki, problem fiziki yanacaq çatışmazlığı ilə deyil, əsasən logistik çətinliklərlə bağlıdır. Hökumət nümayəndəsi və enerji məsələləri üzrə nazir Mod Brejon qeyd edib ki, yanacaqdoldurma məntəqələrinin 10%-dən az hissəsi bu vəziyyətdən təsirlənib.
Onun sözlərinə görə, əksər qıtlıq halları TotalEnergies SE tərəfindən tətbiq edilən qiymət plafonu ilə əlaqədardır. Bu qərar istehlakçılar arasında panika xarakterli tələbi artıraraq insanların yanacaqları tam doldurmağa tələsdiyi vəziyyət yaradıb.
Şirkət özü də təsdiqləyib ki, mart ayının ortalarında qiymət məhdudiyyətlərinin elanından sonra onun şəbəkə stansiyalarında trafik kəskin artıb. Rəsmi açıqlamada təchizatda yerli gərginlik olduğu və şirkətin artan tələbi qarşılamaq və boşalmış ehtiyatları bərpa etmək üçün fövqəladə rejimdə çalışdığı bildirilib.
Mod Brejon əlavə edib ki, Fransa təxminən 100 milyon barel həcmində strateji neft ehtiyatlarına malikdir. Bundan başqa, ölkə Beynəlxalq Enerji Agentliyinin (IEA) qlobal bazara 400 milyon barelə qədər neft çıxarılması ilə bağlı koordinasiyalı qərarı çərçivəsində öz 14,5 milyon barellik kvotasını hələ tam istifadə etməyib.
MONETAR.AZ