Mərkəzi Bank avtosığorta qaydalarında dəyişiklik edib

Mərkəzi Bank avtosığorta qaydalarında

Azərbaycanın Mərkəzi Bankı icbari avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası qaydalarına dəyişikliklər edib.

Əsas yenilik sığorta tariflərinin hesablanması mexanizminin risklər nəzərə alınmaqla yenidən qurulmasıdır. Xüsusilə, intensiv istismar səbəbindən yol-nəqliyyat hadisələrində daha çox iştirak edən taksilər üçün ayrıca artırılmış əmsallar tətbiq olunacaq.

Qurumdan bildirilib ki, bu dəyişikliklər bazar təhlili və beynəlxalq təcrübəyə əsaslanır. Məqsəd risklərin daha dəqiq qiymətləndirilməsi, sürücülərin intizamının artırılması və yol qəzaları zamanı üçüncü şəxslərin müdafiəsinin gücləndirilməsidir.

Avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı III şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyən edilməsinə, sürücülük intizamının artırılmasına, III şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir.