Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi üzrə namizədlərin mərhələlər üzrə nəticələrini açıqlayıb.
Zal nəzarətçisi olmaq üçün elektron qeydiyyat 5 oktyabr 2026-cı il tarixində başa çatıb. Ümumilikdə 4 507 nəfər müraciətini təsdiqləyib. Onlardan 1 400 nəfər tələblərə cavab vermədiyi və ya anket məlumatlarında çatışmazlıqlar olduğu üçün prosesdə iştirak hüququ əldə etməyib. Beləliklə, 3 107 namizəd müsahibə mərhələsinə buraxılıb.
Müsahibə mərhələsi üçün vaxt seçən 2 415 namizəddən 1 729 nəfər məqbul nəticə göstərərək növbəti mərhələyə keçib. 218 nəfər qeyri-məqbul qiymətləndirilib, 468 nəfər isə müsahibədə iştirak etməyib.
Müsahibədən uğurla keçən namizədlər ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanına dəvət olunurlar. Kompüter vasitəsilə keçirilən imtahanda məntiqi təfəkkür üzrə 30, situasiya mühakimə bacarıqları üzrə isə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir.
Məntiqi təfəkkür testləri üçün 1 saat, situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün isə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasiləsiz keçirilir. Növbəti mərhələyə keçmək üçün namizədlər intellekt səviyyəsini yoxlayan blok üzrə ən azı 40 faiz, situasiya mühakimə bacarıqları üzrə isə ən azı 50 faiz nəticə göstərməlidirlər.
İlkin test imtahanı üçün vaxt seçən 1 622 namizəddən 1 062-si məqbul nəticə əldə edərək növbəti mərhələyə keçib. 276 nəfər qeyri-məqbul qiymətləndirilib, 30 nəfər imtahanda iştirak etməyib. Daha 254 namizədin isə bu mərhələdə iştirakı gözlənilir.
Test mərhələsini uğurla başa vuran namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlı ilk təlimə cəlb edilirlər. Təlimə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat göndərildikdən, növbəti mərhələlər üçün tələb olunan məbləğ şəxsi kabinetinə əlavə edildikdən sonra o, elektron anket vasitəsilə təlimin vaxtını və gününü seçə bilər.
“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlı təlim imtahan zamanı yaranan stress və həyəcan, prosesə cəlb olunan tərəflərin psixoloji xüsusiyyətləri, ilkin təəssüratın imtahanın gedişinə təsiri, ünsiyyət qaydaları və psixoloji hazırlıq kimi mövzuları əhatə edir.
Təlim zamanı iştirakçılar təlimçilər tərəfindən qiymətləndirilir. Onların interaktiv məşğələlərdə fəallığı, stress şəraitində davranışı və qrup şəklində işləmək bacarıqları qeydə alınır. Problemli davranış nümayiş etdirən, münaqişə yaradan və ya həddindən artıq passiv olan namizədlərlə bağlı sertifikat verilməməsi üçün xüsusi rəy hazırlanır.
Təlimlər mərhələsi üzrə indiyədək vaxt seçən 971 namizəddən 188 nəfəri ilk təlimdə iştirak edib. Qalan 783 namizədin iştirakı isə gözlənilir.
Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı suallarınız yaranarsa, [email protected] poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.