Çinin elektromobil istehsalçısı BYD Fransanın Ambaş şəhərində yerləşən "Ineos Automotive" zavodunu almaq üçün eksklüziv danışıqlara başlayıb. Şirkət bu addımı Avropada istehsalını genişləndirmək və yerli istehsal tələblərinə uyğunlaşmaq strategiyasının bir hissəsi kimi qiymətləndirir.
BYD-nin açıqlamasına görə, şirkət Avropa İttifaqının subsidiyalar və dövlət müqavilələrindən yararlanmaq üçün elektromobil komponentlərinin yerli istehsalını nəzərdə tutan “Made in Europe” qaydalarının qüvvəyə minməsinə hazırlaşır. Bu məqsədlə Avropanın müxtəlif ölkələrində istehsal imkanlarını araşdırır.
Sövdələşmə baş tutarsa, bu, Çin avtomobil istehsalçısının Avropada avtomobil zavodunu almaq üzrə ilk təşəbbüsü olacaq. BYD eyni zamanda 2027-ci ilin əvvəlində Macarıstandakı yeni müəssisəsində kütləvi istehsala başlamağı planlaşdırır.
Digər Çin avtomobil istehsalçıları isə Avropada mövcud zavodları almaq əvəzinə istehsal sahələrini icarəyə götürməyə üstünlük verirlər. Belə ki, Dongfeng Fransada Stellantis zavodunda, Leapmotor İspaniyadakı Stellantis müəssisəsində, Geely isə İspaniyada Ford-un yığım zavodunda avtomobil istehsal etməyi planlaşdırır.
BYD bildirib ki, Ineos Automotive ilə nəzərdə tutulan razılaşma üzrə müvafiq istehsalat şuraları ilə məsləhətləşmələr hələ davam etməlidir. Qeyd edək ki, Ambaşdakı zavod əvvəllər Mercedes-Benz şirkətinə məxsus olub.
Şirkət planlaşdırılan investisiyaların Fransaya inamını və Avropa bazarında fəaliyyətini genişləndirmək niyyətini əks etdirdiyini vurğulayıb.
MONETAR.AZ