ABŞ ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Vaşinqtonla Yeni Dehli arasında ticarət sazişi imzalanacağı təqdirdə Hindistandan idxal olunan məhsullara tətbiq edilən rüsumlar 17% səviyyəsində məhdudlaşdırıla bilər. Razılıq əldə olunmasa, bu göstəricinin 25%-ə qədər artırılması nəzərdə tutulur.
Qririn açıqlaması Donald Tramp administrasiyasının sənaye istehsalında struktur izafiliyi ilə bağlı narahatlıqları əsas gətirərək 14 ticarət tərəfdaşı üçün yeni rüsumlar təklif etdiyi bir vaxta təsadüf edib.
Vaşinqton Hindistana qarşı mümkün ticarət tədbirlərini bir sıra amillərlə əsaslandırır. Bunlara sənaye ekspansiyasını təşviq edən siyasət, əmək hüquqlarının kifayət qədər qorunmaması, maliyyə məhdudiyyətləri və bazara çıxış maneələri daxildir.
ABŞ tərəfi həmçinin Hindistanın qlobal sənaye istehsalındakı izafiliyin aradan qaldırılması üçün, xüsusilə qeyri-bazar iqtisadiyyatına malik ölkələrdən idxal və xarici investisiyalar sahəsində, yetərli tədbirlər görmədiyini iddia edir.
Vaşinqtonun mövqeyinə görə, bu cür iqtisadi təcrübələr Amerika istehsalçılarına, ixracatçılarına, məşğulluğa və investisiyalara mənfi təsir göstərir. ABŞ xüsusilə əczaçılıq, tibbi avadanlıqlar, polad, günəş energetikası və informasiya texnologiyaları sahələrində qeyri-bazar iqtisadiyyatına malik ölkələrdən tədarük asılılığını iqtisadi təhlükəsizlik riski kimi qiymətləndirir.
Qeyd edək ki, ABŞ və Hindistan fevral ayında çərçivə ticarət razılaşması əldə ediblər. Sənədə əsasən, Hindistan məhsullarının əksəriyyətinə tətbiq olunan rüsum 50%-dən 18%-ə endirilib. Daha yüksək tariflər 2025-ci ilin avqustunda əvvəlki ticarət danışıqlarının nəticəsiz qalmasından sonra tətbiq edilmişdi.
MONETAR.AZ