İranda davam edən müharibə fonunda yanacaq və gübrə qiymətlərinin bahalaşması səbəbindən düyü bazarında tədarük perspektivləri ilə bağlı narahatlıqlar artıb və bu, qiymətlərin son iki ildən artıq müddətdə ən yüksək templə yüksəlməsinə gətirib çıxarıb. Bu barədə Bloomberg yazır.
Taylandın ağ düyüsü (Asiya üzrə etalon göstərici) aprelin 8-də başa çatan həftə ərzində 10% bahalaşaraq tonuna 423 dollara çatıb. Bu, 2023-cü ilin avqustundan bəri ən güclü artım hesab olunur. Baxmayaraq ki, bu, istehsal xərclərinin artmasının bazara təsir etməyə başladığının ilkin siqnalıdır, qiymətlər bundan əvvəl uzun müddət eniş trendində idi və yaxın vaxtlarda son onilliyin minimum səviyyələrinə yaxınlaşmışdı.
Rabobank bankının xammal üzrə baş analitiki Oskar Çakranın sözlərinə görə, Taylandda bəzi fermerlər sürətlə artan xərclər gəlirləri üstələdiyi üçün düyü istehsalını müvəqqəti dayandırıblar. O qeyd edib ki, vəziyyət uzun sürən quraqlıq mövsümü ilə daha da ağırlaşıb. Bu da məhsuldarlığın azalmasına və mövcud ehtiyatların tükənməsinə səbəb olub.
Çakra əlavə edib ki, Tayland batının möhkəmlənməsi, eləcə də Yaxın Şərqdəki müharibə səbəbindən daşınma və sığorta xərclərinin artması da düyü qiymətlərinin yüksəlməsinə təsir göstərib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Tayland dünyada üçüncü ən böyük düyü ixracatçısıdır. Hazırda ölkədə fermerlər mövsümdənkənar məhsul yığımı ilə məşğuldurlar və may ayında başlayacaq əsas əkin mövsümünə hazırlaşırlar.
ABŞ prezidenti Donald Tramp İrana qarşı müharibənin dayandırılmasının mümkünlüyünə eyham vurub və bu, bazarlarda müəyyən qədər rahatlıq yaradıb. Lakin enerji daşıyıcılarının Hörmüz boğazı vasitəsilə daşınmasının tam normallaşması üçün vaxt tələb olunacaq. Bu isə istehsal xərclərinin daha uzun müddət yüksək qalacağı və düyü istehsalına mənfi təsirin davam edəcəyi deməkdir.
MONETAR.AZ