Rusiya Federasiyasının Maliyyə Nazirliyi ölkənin enerji sektorundan əldə etdiyi büdcə gəlirlərinə dair son hesabatını dərc edib. Rəsmi məlumatlara əsasən, may ayında Rusiyanın neft-qaz vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 32.4% artaraq 678.9 milyard rubl (təxminən 9.3 milyard dollar) təşkil edib.
May ayında qeydə alınan bu sıçrayışa baxmayaraq, aylıq müqayisədə fərqli dinamika izlənilib. Belə ki, aprel ayı ilə müqayisədə daxilolmalarda 20.7%-lik azalma qeydə alınıb. Analitiklər bunu aprel ayında Rusiya büdcəsinə neft şirkətlərindən əlavə mənfəət vergisi daxilolmalarının köçürülməsi və may ayında bu amilin olmaması ilə izah edirlər.
Maliyyə Nazirliyi may ayında illik gəlirlərin kəskin yüksəlməsini birbaşa qlobal enerji birjalarındakı konyunktura ilə əlaqələndirir.
May ayındakı lokal uğura baxmayaraq, 2026-cı ilin ilk 5 ayının ümumi yekunları Rusiya iqtisadiyyatının enerji blokunda hələ də tam bərpa olunmadığını göstərir. Yanvar–may ayları ərzində neft-qaz gəlirləri ümumilikdə təxminən 3 trilyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% geriləmə deməkdir.
Rəsmi rəqəmlər göstərir ki, Rusiyanın federal büdcəsi may ayında Yaxın Şərq böhranı sayəsində neftin bahalaşmasından maksimum yararlana bilsə də, ümumi illik trend hələ də neft-qaz daxilolmalarının aşağı düşdüyünü nümayiş etdirir. Qərbin ticarət məhdudiyyətləri, sanksiyalar və ixrac logistikasındakı dəyişikliklər fonunda Rusiya büdcəsi qlobal enerji bazarlarındakı dəyişkənliyə qarşı yüksək həssaslığını qoruyub saxlayır.
MONETAR.AZ