“Monetri BOKT” MMC-nin 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatı açıqlanıb. Hesabat göstərir ki, təşkilatın xalis mənfəəti illik müqayisədə 35,1% artaraq 5,442 milyon manata yüksəlsə də, bu nəticənin böyük hissəsi əsas fəaliyyətdən deyil, birdəfəlik mühasibat gəlirindən qaynaqlanıb.
Maliyyə göstəricilərinin təhlili əməliyyat fəaliyyətində zəifləmə, xərclərin sürətli artımı və borclanmanın əhəmiyyətli dərəcədə yüksəlməsi kimi bir sıra məqamları üzə çıxarır.
Hesabatın ən diqqətçəkən məqamı xalis mənfəətin strukturudur. Şirkətin açıqladığı 5,442 milyon manatlıq xalis mənfəətin 4,374 milyon manatı və ya 80,4%-i “əlverişli şərtlərlə əldə edilmədən yaranan gəlir” (badwill) hesabına formalaşıb.
Bu gəlir “TBC Kredit BOKT”un xalis aktivlərinin onların balans dəyərindən aşağı qiymətə əldə olunması nəticəsində yaranan birdəfəlik mühasibat qazancıdır və davamlı əməliyyat gəliri hesab edilmir.
Sözügedən gəlir nəzərə alınmadıqda, təşkilatın əsas fəaliyyətindən əldə etdiyi mənfəət cəmi 1,068 milyon manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 4,029 milyon manat olub. Beləliklə, təmizlənmiş əməliyyat mənfəəti təxminən 73,5% azalıb.
“TBC Kredit BOKT”un satın alınmasından sonra inteqrasiya prosesi əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. İşçi heyəti və əməkhaqqı ilə bağlı xərclər 111,1% artaraq 1,332 milyon manatdan 2,812 milyon manata yüksəlib. Ümumi və inzibati xərclər isə 97,4% artaraq 680 min manatdan 1,342 milyon manata çatıb.
Hesabatda diqqət çəkən digər məqam maliyyələşmə öhdəliklərinin kəskin artmasıdır. “Monetri BOKT”un cəlb etdiyi kredit və borc vəsaitlərinin həcmi 181,2% artaraq 3,596 milyon manatdan 10,112 milyon manata yüksəlib. Borclanmanın artması öz növbəsində maliyyələşmə xərclərinin də sürətlə yüksəlməsinə səbəb olub. Faiz xərcləri bir il ərzində 301,4% artaraq 283 min manatdan 1,136 milyon manata çatıb.
2024-cü ildə maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin bərpası hesabına 2,266 milyon manatlıq müsbət təsir qeydə alınmışdı. 2025-ci ildə isə bu göstərici cəmi 204 min manat təşkil edib. Nəticədə kredit zərərləri üzrə bərpanın azalması və faiz xərclərinin kəskin yüksəlməsi fonunda təşkilatın təmizlənmiş xalis faiz gəliri 14,1% azalaraq 6,235 milyon manata düşüb.
Şirkətin gəlir mənbələrinin diversifikasiyası baxımından mühüm istiqamətlərdən biri olan lizinq fəaliyyəti də geriləyib. İcarələrdə (lizinqdə) olan xalis investisiya portfeli 29,8% və ya 3,599 milyon manat azalaraq 12,079 milyon manatdan 8,480 milyon manata enib.
MONETAR.AZ