Avropa Parlamenti fevralın 10-da, çərşənbə axşamı rəqəmsal avronun həm onlayn, həm də oflayn rejimdə buraxılmasını dəstəkləyib. Bu yanaşma Avropa Mərkəzi Bankının (AMB) mövqeyinə uyğundur və məsələ üzrə İqtisadi və Valyuta Məsələləri Komitəsində (ECON) əsas müzakirələr ərəfəsində bu modelin möhkəmlənməsi şanslarını artırır, Bloomberg yazır.
Parlamentin bəyanatında bildirilir ki, rəqəmsal avro “Aİ-nin pul suverenliyinin gücləndirilməsi, pərakəndə ödənişlərdə parçalanmanın azaldılması və vahid bazarın bütövlüyü və dayanıqlılığının dəstəklənməsi üçün zəruridir”. Eyni zamanda vurğulanır ki, ödənişlərin gələcək rəqəmsallaşması “yalnız özəl və qeyri-Avropa iştirakçılarının öhdəsinə buraxılarsa”, bu, həm istifadəçilər, həm də ticarətçilər üçün yeni istisna formalarına gətirib çıxara bilər.
Bloomberg xatırladır ki, mövzu üzrə məruzəçi Fernando Navarrete 2025-ci ilin oktyabrında yalnız oflayn versiyanın yaradılmasını, onlayn rejimin isə ancaq özəl sektor alternativ həll təqdim etmədiyi halda mümkün olmasını təklif etmişdi. Buna cavab olaraq, AMB-nin İcra Şurasının üzvü Piero Çipollonenin rəhbərlik etdiyi qurumun nümayəndələri etiraz edərək bildiriblər ki, bu iki rejim bir-birini tamamlayır və rəqəmsal valyutanı nağd pula daha da yaxınlaşdırır. Əgər milli hökumətlər və Avropa Parlamenti gələn il razılığa gələrsə, AMB 2027-ci ildə pilot layihəyə başlaya, mümkün tammiqyaslı buraxılış isə 2029-cu ilə planlaşdırıla bilər.
Fevralın əvvəlində Avropa bankları və ödəniş provayderləri Aİ hakimiyyətini ABŞ-ın ödəniş sistemlərindən ilk növbədə Visa və Mastercard-dan asılılığın azaldılmasını sürətləndirməyə açıq şəkildə çağırıblar. Bu çağırışla European Payments Initiative (EPI) təşkilatının rəhbəri Martina Veymert çıxış edərək, Avropanın öz ödəniş infrastrukturunu “mümkün qədər tez” inkişaf etdirməsinin vacibliyini vurğulayıb. Onun mövqeyi Avropa rəsmilərinin artan narahatlığını əks etdirir: Brüsseldə ehtiyat edirlər ki, Amerika operatorlarının dominant mövqeyi transatlantik münasibətlər pisləşəcəyi təqdirdə Vaşinqton tərəfindən nəzəri olaraq təzyiq alətinə çevrilə bilər.
AMB-nin məlumatına görə, 2022-ci ildə avrozonada bütün tranzaksiyaların təxminən üçdə ikisi Visa və Mastercard-ın payına düşürdü, Aİ-nin 13 ölkəsində isə beynəlxalq kart sxemlərinə hətta milli alternativlər belə yoxdur. Bu fonda banklar öz həllərini irəli sürməyə çalışırlar: BNP Paribas və Deutsche Bank daxil olmaqla bir sıra bankları birləşdirən EPI konsorsiumu artıq on milyonlarla istifadəçisi olan Wero ödəniş xidmətini işə salıb və bu xidmətin 2027-ci ilə qədər onlayn seqmentdə genişləndirilməsi planlaşdırılır.
Eyni zamanda, müzakirələri AMB-nin xarici provayderlərdən asılılığa infrastruktur cavabı kimi nəzərdən keçirdiyi rəqəmsal avro layihəsi daha da qızışdırır. Lakin bank sektoru təşəbbüsə ehtiyatla yanaşır: kredit təşkilatları hesab edirlər ki, dövlət rəqəmsal valyutası Wero kimi özəl həllərin funksiyalarını təkrarlaya və ödəniş biznesində innovasiyalara olan stimulları zəiflədə bilər.
MONETAR.AZ