Rothschild & Co Redburnun qiymətləndirməsinə görə, litium qiymətləri yeni çətinliklərlə üzləşir. Şirkət xəbərdarlıq edir ki, 2027-ci ildə bazarda yenidən profisitin (təklifin tələbi üstələməsi) yaranması qiymətlərə təzyiq göstərəcək və iri istehsalçıların investisiya cəlbediciliyini azaldacaq.
Analitiklərin yenilənmiş tələb-təklif modelləşdirməsi üç əsas təzyiq amilini göstərir: akkumulyatorların həddindən artıq istehsalının dayandırılması, elektromobillərin satış artımının yavaşlaması və daha kiçik batareyalı modellərin daha yaxşı satılması səbəbindən batareyaların ölçüsünün məhdud artımı.
Pessimist ssenarinin mərkəzində Çində baş verən proseslər dayanır. Belə ki, 2027-ci ildən etibarən akkumulyator və onların komponentlərinin ixracına tətbiq olunan vergi güzəştləri mərhələli şəkildə ləğv ediləcək.
Rothschild & Co Redburn qeyd edir ki, sənaye 2026-cı ildə istehsalı artırmaqla reaksiya verir və bu, litiuma olan tələbi qabaqlayır. Lakin şirkətin fikrincə, “növbəti ildə bu artıq istehsalın dayandırılması litiuma olan tələbin zəifləməsinə gətirib çıxaracaq”.
Elektromobillər bazarına gəldikdə isə, şirkət 2026-cı ildə qlobal satış artımının 14%-ə qədər enəcəyini proqnozlaşdırır. Buna səbəb Çində birinci rübdə zəif satışlar və Şimali Amerikada durğun bazardır. Buna baxmayaraq, Avropa və inkişaf etməkdə olan bazarlarda artım tempi qorunur.
Çin, Argentina və ABŞ-da təklifin artmasını nəzərə alan Rothschild & Co Redburn ilin sonuna qədər litium karbonat ekvivalentinin qiymətinin 15–16 dollar/kq səviyyəsinə düşəcəyini gözləyir.
Bu fonunda şirkət Albemarle üçün reytinqi “Al” səviyyəsindən “Neytral”a endirib və səhm üçün hədəf qiyməti 188 dollar müəyyən edib ki, bu da təxminən 5% eniş potensialına işarə edir.
SQM üçün reytinq “Neytral” səviyyəsində saxlanılıb, lakin hədəf qiymət 83 dollar olaraq yenilənib. Rothschild & Co Redburn nəticə etibarilə bildirir ki, “litium şirkətlərinin səhmləri üzrə risk və gəlir nisbəti əvvəlki qədər cəlbedici deyil”.
MONETAR.AZ