Süd məhsulları və yumurtada illik qiymət artımı 10 faizi keçib

Süd məhsulları və yumurtada illik qiymət artımı

Azərbaycanda 2026-cı ilin mart ayında istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indekslərində artım qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə ümumilikdə mallar və xidmətlər üzrə qiymətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz yüksəlib. Qida malları, içkilər və tütün məmulatları üzrə artım 6,5 faiz, qeyri-qida malları və xidmətlər üzrə isə 4,8 faiz təşkil edib..

Qida məhsulları arasında ən yüksək artım süd və süd məhsulları, həmçinin yumurta üzrə qeydə alınıb – bu kateqoriyada qiymətlər 10,5 faiz yüksəlib. Meyvələr 9,7 faiz, balıq və balıq məhsulları 8,5 faiz, ət və ət məhsulları isə 8,0 faiz bahalaşıb.

Digər məhsullar üzrə də artım müşahidə olunub: kərə və bitki yağları 6,7 faiz, qənd, cem, bal, şokolad və konfetlər 6,5 faiz, çay, qəhvə və kakao 7,3 faiz artıb.

Eyni zamanda tərəvəzlərin qiymətlərində nisbətən sabitlik müşahidə olunub – bu kateqoriya üzrə artım cəmi 1,1 faiz təşkil edib. Çörək və yarmalar isə 2,1 faiz bahalaşıb.

MONETAR.AZ