Rəşad Nəcəfli qeyd edib ki, hesabatda diqqəti cəlb edən əsas məqam qlobal güc balansında baş verən dəyişikliklərin açıq-aşkar hiss olunmasıdır. Hesabat qlobal idarəetmə institutlarına olan etimadın zəiflədiyini açıq şəkildə ortaya qoyur. Respondentlərin 71 faizi Birləşmiş Millətlər Təşkilatının təsir imkanlarının azalacağını düşünür. Eyni zamanda, respondentlərin 65 faizi Ümumdünya Ticarət Təşkilatının, 50 faizi Dünya Bankının, 41 faizi isə Beynəlxalq Valyuta Fondunun qlobal sistemdə əvvəlki çəkisini itirəcəyini gözləyir. Bu rəqəmlər XX əsrdə formalaşmış çoxtərəfli institutların effektivliyinin və legitimliyinin getdikcə daha çox sual altına düşdüyünü göstərir. Ekspertin fikrincə, bu göstəricilər qlobal sistemdə yalnız institusional deyil, həm də dəyər əsaslı transformasiyanın getdiyini göstərir.
Hesabatda texnoloji transformasiya, xüsusilə süni intellektin inkişafı qlobal dəyişikliklərin əsas hərəkətverici qüvvələrindən biri kimi təqdim olunur. Ekspertin sözlərinə görə, respondentlərin 58 faizi 2036-cı ilə qədər süni intellektin insan səviyyəsinə çatacağını və ya hətta onu üstələyəcəyini ehtimal edir ki, bu da yaxın onillikdə texnologiyanın yalnız iqtisadi deyil, həm də sosial və idarəetmə sistemlərinə dərin təsir göstərəcəyini deməyə əsas verir. Respondentlərin 56 faizi süni intellektin ümumilikdə müsbət təsir yaradacağını düşünür, 32 faizi isə əksinə, onun mənfi nəticələr doğura biləcəyini hesab edir. Bununla yanaşı, texnologiyanın iqtisadiyyata potensial mənfi təsirini əsas risk kimi görənlərin payının 6 faizdən 14 faizə yüksəlməsi diqqət çəkir. Bu dinamika texnoloji optimizmin davam etməsinə baxmayaraq, risklərin qavranılmasının da sürətlə artdığını və süni intellektin təsirlərinə dair yanaşmaların getdikcə daha realist xarakter aldığını göstərir.
Hesabat iqlim dəyişikliklərinə münasibətdə qlobal prioritetlərin müəyyən qədər dəyişdiyini də göstərir. Onun sözlərinə görə, respondentlərin yalnız 17 faizi iqlim dəyişikliyini əsas qlobal risk kimi qiymətləndirir ki, bu da əvvəlki illərdə təxminən 30 faiz olan göstərici ilə müqayisədə əhəmiyyətli azalma deməkdir. Bununla belə, iqlimlə bağlı risklərin mahiyyəti dəyişsə də, onların miqyası azalmır. Belə ki, respondentlərin 80 faizdən çoxu qlobal temperatur artımının kritik hədləri keçəcəyini ehtimal edir, 64 faizi isə növbəti onillikdə su resursları uğrunda münaqişələrin baş verə biləcəyini qeyd edir. Bu rəqəmlər iqlim dəyişikliklərinin birbaşa deyil, dolayı təsirləri vasitəsilə qlobal təhlükəsizlik gündəliyində həlledici rol oynamağa davam edəcəyini göstərir.
Rəşad Nəcəfli qeyd edib ki, “Global Foresight 2036” hesabatı dünyanın sadəcə dəyişmədiyini, əslində yeni bir mərhələyə keçdiyini açıq şəkildə göstərir. Onun sözlərinə görə, qlobal güc balansının yenidən formalaşması, təhlükəsizlik risklərinin artması, beynəlxalq institutların əvvəlki təsir imkanlarını itirməsi və texnologiyanın sürətlə ön plana çıxması artıq yeni dünya nizamının əsas konturlarını müəyyən edir. Bu reallıqda ən böyük çağırış yalnız dəyişiklikləri izləmək deyil, onları qabaqlamaqdır. Məhz bu baxımdan dövlətlər və analitik mərkəzlər üçün əsas məsələ dəyişən qlobal mühiti düzgün oxumaq, riskləri vaxtında müəyyənləşdirmək və daha çevik, daha ağıllı, məlumatlara əsaslanan siyasət yanaşmaları formalaşdırmaqdır.
MONETAR.AZ