Pentaqon 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin detalları açıqlanıb

Pentaqon 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin

 ABŞ Müdafiə Nazirliyi  2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar həcmində büdcə tələbini açıqlayıb. Plana əsasən, hərbi personalın sayında 44 min nəfərlik artım, silah sistemlərinə isə 750 milyard dollar xərclənməsi nəzərdə tutulur.

Məlumat Pentaqonda keçirilən toplantıda Maliyyə məsələlərindən məsul müdafiə nazirinin müavini Culz C. Herst III və Qüvvə strukturu, resurslar və qiymətləndirmə direktoru general-leytenant Stiven P. Uitni tərəfindən təqdim edilib.

Büdcə layihəsinə əsasən, hərbi qulluqçuların maaşlarında 5–7 faiz artım planlaşdırılır. Eyni zamanda, ABŞ ordusunun genişləndirilməsi çərçivəsində 44 min yeni hərbçinin xidmətə cəlb olunması və yeni silah sistemlərinin alınması üçün iri həcmli vəsait ayrılması nəzərdə tutulur.

Sənəddə həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının “Qızıl Donanma” adlandırdığı dəniz gücü layihəsinə 65,8 milyard dollar ayrılması və bu çərçivədə 41 hərbi gəminin inşası planlaşdırıldığı bildirilir.

Eyni zamanda, Pentaqonun 2027-ci il xərcləmə planında səhiyyə və mənzil yardımı kimi bəzi sosial proqramlarda ixtisarlar nəzərdə tutulur. Ağ Ev bu xərclərin maliyyələşdirilməsi üçün əlavə 445 milyard dolların digər sahələrdən yönləndirilməsini planlaşdırır.

ABŞ mediasının məlumatına görə, həm Demokrat Partiyasının nümayəndələri, həm də bir sıra ictimai təşkilatlar büdcə artımına etiraz edirlər. Bütövlükdə ekspertlər hesab edirlər ki, bu plan qəbul olunarsa, ABŞ-ın büdcə kəsiri və artıq 39 trilyon dolları keçmiş dövlət borcu daha da arta bilər.

MONETAR.AZ