Almaniyada iqtisadi gözləntilər kəskin pisləşib

Almaniyada iqtisadi gözləntilər

Almaniyada iqtisadi gözləntiləri əks etdirən ZEW İqtisadi Gözləntilər İndeksi aprelin nəticələrinə əsasən kəskin şəkildə pisləşib. Göstərici 16,7 bənd azalaraq -17,2 səviyyəsinə düşüb. Bu, 2022-ci ilin dekabr ayından bəri ən aşağı göstəricidir və bazar gözləntilərindən xeyli zəif olub.

Ekspertlər bildirirlər ki, ardıcıl olaraq üçüncü ay ciddi eniş qeydə alınması investorlar arasında pessimizmin artdığını göstərir. Buna əsas səbəb kimi Yaxın Şərqdə gərginliyin artması və bunun Almaniya iqtisadiyyatına mənfi təsiri göstərilir.

ZEW-in Prezidenti, professor Axim Vambax qeyd edib ki, İranla bağlı münaqişənin təsiri yalnız enerji qiymətlərinin artımı ilə məhdudlaşmır. Uzunmüddətli enerji çatışmazlığı ilə bağlı narahatlıqlar investisiya mühitini zəiflədir və hökumətin stimullaşdırıcı tədbirlərinin effektivliyini azaldır.

Sektorlar üzrə gözləntilərə gəldikdə, avtomobil sənayesi nisbətən sabit qalsa da (-44,2), kimya və əczaçılıq sahəsində göstərici 11 bənd, metal və polad istehsalında isə 21 bənd pisləşib. Tikinti sektoru üzrə gözləntilər də mənfi zonaya düşərək 3,8 bənd azalıb.

Analitiklər hesab edirlər ki, mövcud geosiyasi risklər və enerji bazarındakı qeyri-müəyyənlik Almaniya iqtisadiyyatının yaxın perspektivdə bərpasını çətinləşdirə bilər.

MONETAR.AZ