Treyderlər qlobal resessiya riski barədə xəbərdarlıq edir

Treyderlər qlobal resessiya riski barədə

Bloomberg yazır ki, dünyanın ən iri neft treyderləri İranla bağlı müharibənin yaratdığı tələbat azalmasının (“demand destruction”) daha da dərinləşəcəyini və iqtisadi nəticələrin hələ tam hiss olunmadığını bildirirlər.

Vitol Group rəhbəri Russell Hardinin qiymətləndirməsinə görə, müharibə artıq bazardan gündəlik təxminən 4 milyon barel tələbi “silmişdir”. Gunvor Group isə hesab edir ki, bu göstərici gələn ay 5 milyon barelə (qlobal istehlakın təxminən 5%-i) çatacaq. Şirkət xəbərdarlıq edir: əgər Hörmüz boğazı üç ay bağlı qalsa, dünya qaçılmaz olaraq resessiyaya girəcək.

International Energy Agency məlumatına görə, blokada artıq Fars körfəzi regionundan gündəlik təxminən 13 milyon barel xam neft və neft məhsulunun qlobal bazara çıxışını kəsib. Buna baxmayaraq, etalon neft fyuçerslərinin qiymətləri hələ nisbətən sabitdir: martda 120 dollaradək yüksəldikdən sonra, hazırda ABŞ–İran sülh danışıqlarına ümidlər fonunda 95 dollar ətrafına geriləyib.

Trafiguranın baş iqtisadçısı Saad Rahim qeyd edir ki, bazar xammal çatışmazlığını yetərincə qiymətləndirmir, çünki tələbatın azalması daha çox “gizli” sektorlarda baş verir. Lakin bu təsir artıq real iqtisadiyyatda hiss olunur:

  • Çin, Yaponiya və Cənubi Koreyada neft-kimya istehsalçıları plastik zavodlarını dayandırır;
  • KLM, SAS və Lufthansa daxil olmaqla, Vyetnamdan Niderlanda qədər aviaşirkətlər reysləri ləğv edir və ya kütləvi dayandırmağa hazırlaşır;
  • Cənub-Şərqi Asiyada fermerlər yanacaq və gübrə qiymətlərinin kəskin bahalaşması səbəbindən yetişmiş düyü məhsulunu belə yığa bilmirlər.

“Əgər böhran uzansa, bəzi ölkələr ümumiyyətlə karbohidrogen resursları tapa bilməyəcək və bu da genişmiqyaslı iqtisadi geriləməyə səbəb olacaq”, — deyə Rahim yekunlaşdırır.

 

MONETAR.AZ