Hesablama Palatası TƏBİB-in fəaliyyətində ciddi pozuntular aşkarlayıb

Hesablama Palatası TƏBİB-in fəaliyyətində

Hesablama Palatası tərəfindən 2025-ci il üzrə plana uyğun həyata keçirilmiş xarici dövlət maliyyə nəzarəti tədbirləri çərçivəsində səhiyyə sistemində bir sıra ciddi maliyyə və idarəetmə pozuntuları aşkar edilib.

“Dövlət auditi” bülleteninə əsasən, yoxlamalar zamanı bəzi hallarda Məcburi Tibbi Sığorta Fondunun gəlir və xərcləri düzgün əks etdirilməyib. Xüsusilə, gəlirlərin tam uçota alınmaması və əvvəlki illərə aid xərclər və öhdəliklərin yanlış tanınması parlamentə təqdim olunan büdcə icra hesabatlarının təhrif olunmasına səbəb olub.

Audit nəticələrinə görə, TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin maliyyələşmə mexanizmi tam şəkildə sığorta prinsiplərinə uyğun deyil və əsasən cari xərclərin qarşılanmasına yönəlib.

Bundan əlavə, əhalinin sığortalanması üçün büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı rəsmi statistika ilə uyğunsuzluqlar aşkar edilib. Bəzi hallarda eyni vətəndaş kateqoriyalarının bir neçə mənbə hesabına sığortalanması nəzərdə tutulub ki, bu da dövlət büdcəsinə əlavə yük yaradıb və fond vəsaitlərinin qalıqlarını artırıb.

Hesabatda həmçinin qeyd olunur ki, idarəetmə xərcləri üzrə aydın normativ bazanın olmaması, onların yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif istiqamətlər üzrə parçalanması inzibati xərclərin artmasına gətirib çıxarıb. Bu prosesə TƏBİB tərəfindən yaradılmış hüquqi şəxslərin sayının artması da əlavə təsir göstərib.

Audit göstərib ki, adambaşına düşən sığorta haqlarının tərkibinə daxil edilən xərclər kifayət qədər hüquqi və metodoloji əsaslandırmaya malik deyil. Eyni zamanda, sığorta haqlarının, sığorta məbləğlərinin və tibbi xidmət tariflərinin müəyyənləşdirilməsi üzrə şəffaf mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə faktiki xərclər arasında uyğunsuzluq riskləri yaradır.

Həmçinin müəyyən edilib ki, dövlət proqramları çərçivəsində satınalmalar hər zaman düzgün müəyyən edilmiş ehtiyaclara əsaslanmayıb və bəzi hallarda alınmış tibbi mallar son istifadəçilərə çatmayıb. Bu isə əhalinin tibbi xidmətlərə çıxış imkanlarını məhdudlaşdırıb.