2026-cı ilin əvvəlindən etibarən dünya üzrə mərkəzi bankların qızıl ehtiyatlarında fərqli istiqamətli dəyişikliklər müşahidə olunur. Ümumdünya Qızıl Şurası məlumatlarına görə, bəzi ölkələr qızıl ehtiyatlarını artırarkən, digərləri iqtisadi və maliyyə təzyiqləri səbəbindən satış həyata keçirir.
Qızıl alan ölkələr
2026-cı ildə ən böyük qızıl alıcısı Polşadır. Bu ölkə 20 tondan çox qızıl alaraq siyahıya liderlik edir. İlk sıralarda həmçinin Özbəkistan (16,48 ton), Qazaxıstan (6,51 ton), Malayziya (4,98 ton) və Çexiya (3,36 ton) yer alır. Çin (2,18 ton), İndoneziya (1,51 ton), Serbiya (0,99 ton), Filippin (0,46 ton), Sinqapur (0,20 ton), Misir (0,06 ton), Qətər (0,02 ton) və digər bəzi ölkələr də qızıl ehtiyatlarını artırmağa davam edir.
Qızıl satan ölkələr
Digər tərəfdə isə bəzi ölkələr ehtiyatlarını azaldır. Ən böyük satıcılar Rusiya və Türkiyədir. Rusiya təxminən 15,55 ton qızıl satıb. Bu addımın əsas səbəbi hərbi xərclər və sanksiyaların yaratdığı maliyyə təzyiqləri ilə izah olunur. Türkiyə isə təxminən 8,08 ton qızıl sataraq ehtiyatlarını azaldıb. Bu qərar əsasən yerli valyutanın sabitləşdirilməsi və daxili bazar tələbləri ilə əlaqələndirilir. Bundan əlavə, Qırğızıstan, Bolqarıstan, Belarus və Meksika kimi ölkələrdə də kiçik həcmli azalmalar qeydə alınıb.
Qızıl ehtiyatlarının artmasının səbəbi
Mütəxəssislərin fikrincə, 2022-ci ildə Rusiya mərkəzi bank aktivlərinin təxminən 300 milyard dollarının dondurulması qlobal maliyyə sistemində dönüş nöqtəsi olub. Bundan sonra bir sıra ölkələr qızılı daha təhlükəsiz ehtiyat aktivi kimi qəbul etməyə başlayıb. Xüsusilə Çin və Orta Asiya ölkələri dollar asılılığını azaltmaq məqsədilə qızıl alımlarını artırıblar. Qızılın beynəlxalq sanksiyalardan daha az təsirlənməsi onu strateji ehtiyat vasitəsinə çevirib.
Analitiklər bildirirlər ki, mərkəzi bankların qızıl siyasəti qlobal iqtisadi qeyri-müəyyənlik və geosiyasi risklərin artması ilə birbaşa bağlıdır və bu tendensiyanın yaxın illərdə də davam edəcəyi gözlənilir.
MONETAR.AZ