Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinə nəzarətin gücləndirilməsini planlaşdırır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev “Maliyyə icarəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda lombardlar məhdud həcmdə lizinq, yəni maliyyə icarəsi xidmətləri göstərir. Bu fəaliyyət hazırda əsasən periodik hesabatlılıq vasitəsilə nəzarətdə saxlanılır.
Sədr müavini bildirib ki, yeni qanunun qəbulu lombardlar üçün əlavə tələblər müəyyən edəcək. Bununla belə, əsas məqsəd sərt nəzarətin tətbiqi deyil, daha çox liberallaşdırılmış yanaşma ilə iqtisadiyyata, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək verməkdir.
Toğrul Əliyev əlavə edib ki, bu istiqamətdə ayrıca strategiyanın qəbul olunması planlaşdırılır və AMB öz tənzimləyici sənədlərində müvafiq addımlar atacaq.
Gözlənilir ki, yeni yanaşma lizinq bazarının inkişafına və maliyyə xidmətlərinə çıxışın genişlənməsinə müsbət təsir göstərəcək.
MONETAR.AZ