2025-ci ilə olan məlumata görə, Avropa İttifaqında yaşayan miqrantların sayı 64 milyon nəfərə çataraq tarixi maksimuma yüksəlib. Bu barədə Rockwool Foundation xeyriyyə fondunun hesabatında bildirilir. Hesabatda miqrantlar doğulduqları ölkədən fərqli bir ölkədə yaşayan şəxslər kimi müəyyən edilir.
Belə ki, 2010-cu ildən bəri Aİ-də miqrantların sayı 60% artaraq 64 milyon nəfərə yüksəlib. 2024–2025-ci illər arasında bu göstərici təxminən 2,1 milyon nəfər artıb. Xüsusilə 2015-ci il miqrasiya böhranından sonra ciddi artım qeydə alınıb. Həmin dövrdə sığınacaq üçün müraciət edənlərin sayı iki dəfə artaraq 1,25 milyondan çox olub.
Miqrantların əsas qəbul edən ölkəsi Almaniya olaraq qalır. Burada xarici mənşəli əhalinin sayı 2010-cu ildəki 10 milyondan 2025-ci ildə təxminən 18 milyona çatıb və bu, ümumi artımın təxminən 70%-ni təşkil edir. Fransa və İspaniyada da ciddi artım müşahidə olunub: Fransada 2025-ci ildə təxminən 9,6 milyon, İspaniyada isə 9,5 milyon miqrant yaşayır.
İtaliyada artım daha mülayim olub — 2010-cu ildə 4,6 milyon olan göstərici 2025-ci ildə 6,9 milyona çatıb. Digər Aİ ölkələrində ümumi artım təxminən 75% təşkil edərək 20,4 milyon nəfərə yüksəlib. Kiçik ölkələr arasında əhaliyə nisbətdə ən yüksək miqrant axını Lüksemburq, Malta və Kiprdə qeydə alınıb. İrlandiya və Avstriyada da bu göstərici nisbətən yüksəkdir — təxminən 23%.
Qaçqınlara gəldikdə isə, ən çox qaçqın qəbul edən ölkə yenə Almaniyadır — təxminən 2,7 milyon nəfər. Bu göstərici Polşadan (təxminən 1 milyon nəfər) iki dəfədən çoxdur. Sonrakı yerlərdə Fransa (təxminən 751 min), İspaniya (471 min) və Çexiya (381 min) qərarlaşıb. Əhaliyə nisbətdə qaçqınların ən yüksək payı Kiprdə (4,8%), daha sonra Çexiyada (3,5%) və Almaniyada (3,2%) müşahidə olunur.
ABŞ prezidenti Donald Tramp isə Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edərək onu “fəlakətli” adlandırıb. Onun sözlərinə görə, ABŞ miqrant axınını sıfıra endirməklə belə bir böhranın qarşısını əvvəlcədən ala bilib.
MONETAR.AZ