Britaniya parlamenti “Tobacco and Vapes Bill” adlı qanun layihəsini təsdiqləyib. Bu qanuna əsasən, 1 yanvar 2009-cu il və ondan sonra doğulan şəxslər (yəni hazırda 17 yaş və daha kiçik olanlar) həyatları boyu ölkə ərazisində siqareti qanuni şəkildə ala bilməyəcəklər. “Siqaretsiz nəsil” formalaşdırmağa yönəlmiş bu tədbir qanun Kral III Çarlz tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Yeni qanuna görə, hökumət vejp və digər nikotin məhsullarının satışına geniş nəzarət səlahiyyətləri əldə edəcək. Buraya onların dad əlavələrinə və qablaşdırma dizaynına məhdudiyyətlərin tətbiqi də daxildir. Məqsəd bu məhsulların gənclər üçün cəlbediciliyini azaltmaqdır.
Qanun layihəsində adi siqaretlərlə elektron siqaretlər (vejp) arasında fərq qoyulur. Siqaret çəkmək uşaqların olduğu avtomobillərdə, uşaq meydançalarında və məktəblərin yaxınlığında qadağan ediləcək. Xəstəxana əraziləri isə tamamilə tütün tüstüsündən azad zona elan olunur.
Bununla yanaşı, qanunda istisna da nəzərdə tutulub: açıq havada tibb müəssisələrinin yaxınlığında vejp istifadə etmək qadağan olunmur. Həkimlər elektron siqaretləri daha az zərərli alternativ kimi qiymətləndirdikləri üçün bu istisna əsasən nikotin asılılığından qurtulmağa çalışan pasiyentlər və ziyarətçilər üçün tətbiq edilir.
Qanun pub-ların açıq sahələrinə, çimərliklərə, şəxsi mülkiyyətə və yaşayış evlərinə şamil edilmir.Bu məkanlarda siqaret çəkmək və vejp istifadə etmək hələ də icazəli olacaq.