Azərbaycanda Körfəz ölkələrindən gələn turist axını azalıb

Azərbaycanda  Körfəz ölkələrindən gələn turist axını

Cari ilin yanvar–mart aylarında Azərbaycana dünyanın 172 ölkəsindən 484,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır.

Gələnlərin ən böyük hissəsini Rusiya vətəndaşları təşkil edib - 25,9%. Sonrakı yerlərdə Türkiyə (21,7%), İran (8,9%), Gürcüstan (5,3%), Qazaxıstan (4,1%) və Hindistan (3,6%) qərarlaşıb. Pakistan və Özbəkistan vətəndaşlarının payı hər biri üzrə 3% olub. Səudiyyə Ərəbistanı (2,5%), Çin (2,1%), İsrail (1,9%), Ukrayna (1,6%), Türkmənistan (1,5%), Birləşmiş Krallıq (1,2%), həmçinin Küveyt və Birləşmiş Ərəb Əmirlikləri üzrə hər biri 1% təşkil edib. Digər ölkələr və vətəndaşlığı olmayan şəxslər isə 11,7% paya malik olub. Gələnlərin 71,8%-i kişilər, 28,2%-i qadınlar olub.

2025-ci ilin yanvar–mart ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə Avropa Birliyi ölkələrindən gələnlərin sayı 27,4% artaraq 21,8 min nəfərə, Müstəqil Dövlətlər Birliyi ölkələrindən gələnlər isə 3,8% artaraq 177,1 min nəfərə çatıb.

Eyni zamanda, Fars körfəzi ölkələrindən gələnlərin sayı 16,7% azalaraq 69,1 min nəfər olub, digər ölkələrdən gələnlər isə 8,9% azalaraq 216,4 min nəfər təşkil edib.

Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əksəriyyəti hava nəqliyyatından istifadə edib — 68,6%. Digər 29,8% dəmir yolu və avtomobil nəqliyyatı ilə, 1,6% isə dəniz yolu ilə ölkəyə daxil olub.