2026-cı ilin ilk rübündə Azərbaycanın daşınmaz əmlak bazarında aktivliyin azalması qeydə alınıb. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən açıqlanan məlumatlara görə, ümumi qeydiyyat göstəriciləri təxminən 7 faizə yaxın azalıb. Lakin əsas diqqət çəkən məqam bu azalmanın strukturudur.
MONETAR.AZ xəbər verir ki, ciddi siqnallar ilkin bazardan gəlir. Statistikaya əsasən, qeydiyyatların cəmi 17,8 faizi ilkin bazarın, 82,2 faizi isə təkrar bazarın payına düşür. Bu isə yeni tikililərin və torpaq sahələrinin dövriyyəyə daxil olmasının köhnə əmlakların alqı-satqısından xeyli geri qaldığını göstərir. Analitiklər bunu “çıxarış” (kupça) prosesində ləngimələr və tikinti sektorunda sənədləşmə mərhələsində yaranan problemlərlə əlaqələndirirlər.
Digər diqqətçəkən məqam çoxmərtəbəli yaşayış binalarının qeydiyyatıdır. Üç ay ərzində ölkə üzrə cəmi 28 binanın dövlət qeydiyyatına alınması tikinti sektorundakı real aktivliklə ziddiyyət təşkil edir. Bu göstərici, binaların fiziki olaraq hazır olmasına baxmayaraq, onların istismara qəbul və hüquqi rəsmiləşmə mərhələsində gecikdiyini göstərir. Nəticədə minlərlə mənzil sahibi hələ də mülkiyyət hüququnu tam rəsmiləşdirə bilmir.
Statistika həmçinin torpaq bazarında nisbi aktivliyin artdığını göstərir. Qeydiyyata alınan əmlakların yarıdan çoxu torpaq sahələrinin payına düşür. Mənzil qeydiyyatının isə bundan xeyli geri qalması investisiya istiqamətində dəyişikliklərə işarə edir. Bununla yanaşı, bu artımın bir hissəsi real bazar aktivliyindən çox torpaqların sənədləşdirilməsi ilə bağlı ola bilər.
Regional bölgü də maraqlı mənzərə ortaya qoyur. Yeni qeydiyyatların cəmi 25 faizi Bakının payına düşür. Bu, bir tərəfdən paytaxtda qiymətlərin əlçatanlıq həddini aşması ilə bağlı alqı-satqının bölgələrə yönəlməsi, digər tərəfdən isə regionlarda əvvəllər qeydiyyatsız qalan əmlakların indi rəsmiləşdirilməsi ilə izah olunur.
İpoteka bazarının payı isə hələ də məhdud qalır. Ümumi qeydiyyatların təxminən 17 faizi ipoteka müqavilələrinin payına düşür. Bu isə o deməkdir ki, əməliyyatların böyük hissəsi bank kreditləri vasitəsilə deyil, nağd və ya qeyri-rəsmi maliyyə mexanizmləri ilə həyata keçirilir.