Qlobal təhsil göstəricilərinə dair yeni məlumatlar ölkələr arasında ali təhsil səviyyəsində ciddi fərqlərin olduğunu ortaya qoyur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən yayımlanan “Education at a Glance 2025” hesabatına əsasən, ən yüksək ali təhsilli əhali payına malik ölkə Kanada olub. Burada 25–64 yaş arası əhalinin 63 faizi ali təhsil pilləsini tamamlayıb.
Siyahıda ikinci və üçüncü yerləri İrlandiya (58 faiz) və Yaponiya (57 faiz) tutur. İlk beşlikdə həmçinin Cənubi Koreya və Lüksemburq yer alır.
Araşdırmaya görə, Birləşmiş Krallıq, Avstraliya və İsveç kimi ölkələrdə də əhalinin yarıdan çoxu ali təhsil alıb. ABŞ isə 51 faiz göstərici ilə OECD ortalamasından bir qədər yuxarı qərarlaşıb.
Ekspertlər bildirirlər ki, ali təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə ixtisaslı əmək bazarı daha güclü formalaşır və bu, iqtisadi rəqabət qabiliyyətini artırır. Bununla yanaşı, bəzi böyük iqtisadiyyatlarda ali təhsil göstəricisinin 20 faizdən aşağı qalması gələcək inkişaf üçün ciddi çağırışlar yaradır.
Qeyd olunur ki, qlobal miqyasda ali təhsilin genişlənməsi əmək bazarında daha yüksək ixtisaslı işçi qüvvəsinə tələbin artması ilə birbaşa bağlıdır.
MONETAR.AZ