2026-cı ilin birinci rübü üzrə pərakəndə ticarət göstəriciləri ümumi iqtisadi aktivliyin artdığını göstərsə də, rəqəmlərin daha dərin təhlili bu artımın struktur baxımından tam balanslı olmadığını ortaya qoyur. Rəsmi statistikada qeydə alınan 3,7%-lik real artım ilk baxışda müsbət dinamika kimi qiymətləndirilsə də, istehlak strukturundakı dəyişikliklər, xərclərin bölgüsü və ayrı-ayrı sektorlar üzrə fərqli artım templəri iqtisadi proseslərin daha mürəkkəb mənzərəsini formalaşdırır. Analiz baxımından bu göstəricilər təkcə ticarət dövriyyəsinin həcmini deyil, həm də əhalinin alıcılıq qabiliyyəti, gəlir bölgüsü və istehlak davranışlarındakı dəyişiklikləri əks etdirir. Xüsusilə ərzaq və qeyri-ərzaq xərcləri arasındakı fərq, istehlak səbətində qidanın yüksək payı və texnoloji məhsullara yönələn məhdud xərclər iqtisadi inkişafın keyfiyyət aspektləri barədə mühüm siqnallar verir.
Qeyri-bərabər artım dinamikası
Məlumatda qeyri-ərzaq mallarının 6,6%, ərzaq məhsullarının isə cəmi 1,3% real artım göstərdiyi bildirilir. Ərzaq məhsulları üzrə artımın aşağı olması (1,3%) əhalinin real gəlirlərinin və ya alıcılıq qabiliyyətinin ən zəruri mallar seqmentində doyma nöqtəsinə çatdığını və ya burada ciddi qiymət təzyiqlərinin artımı "yeyib bitirdiyini" göstərə bilər. Qeyri-ərzaq mallarındakı yüksək artım isə daha çox təxirə salınmış tələb və ya kreditləşmə (hissə-hissə ödənişlər) hesabına ola bilər ki, bu da istehlak borclanmasını artırır.
İstehlak səbətində "qida asılılığı"
Alıcıların xərclədiyi vəsaitin 55,1%-i (50,4% ərzaq + 4,7% tütün və içki) birbaşa gündəlik fizioloji tələbatlara gedir. İnkişaf etmiş iqtisadiyyatlarda qida xərclərinin payı adətən 15-25% civarında olur. Bizdə xərclərin yarısından çoxunun qidaya getməsi əhalinin disponibil (sərbəst) gəlirlərinin az olduğunu göstərir. Bu, orta təbəqənin formalaşması və yığım imkanları üçün mənfi siqnaldır.
Yüksək texnologiyalı məhsullara aşağı maraq
Kompüter, telekommunikasiya avadanlığı və çap məhsullarına cəmi 1,6% vəsait ayrılıb. Müasir iqtisadiyyatda rəqəmsallaşma və təhsil əsas hərəkətverici qüvvədir. Bu sahəyə ayrılan vəsaitin cüziliyi əhalinin texnoloji yenilənməyə və özünüinkişafa (kitab, çap məhsulları) maliyyə ayırmaqda çətinlik çəkdiyini və ya buna marağın az olduğunu göstərir.
Yanacaq xərclərinin Payı
Avtomobil benzini və dizel yanacağına çəkilən xərc (6,0%), əczaçılıq məhsullarından (2,7%) və elektrik mallarından (4,5%) daha yüksəkdir. Bu, nəqliyyat xərclərinin ailə büdcəsində əhəmiyyətli yük olduğunu göstərir. Yanacaq qiymətlərindəki hər hansı dəyişiklik pərakəndə dövriyyənin digər sektorlarına (məsələn, geyim və ya məişət texnikası) zəncirvari mənfi təsir göstərmə potensialına malikdir.
Bir nəfərə düşən xərc və inflyasiya təzyiqi
Bir nəfərin ayda orta hesabla 517,2 manat xərclədiyi qeyd olunur. Əgər orta illik inflyasiyanın 5,7% olduğunu nəzərə alsaq, nominal artımın bir hissəsi sadəcə qiymət artımını kompensasiya etməyə yönəlib. Əhalinin aşağı gəlirli təbəqəsi üçün ayda 284,9 manatlıq ərzaq xərci, minimum yaşayış minimumu ilə müqayisədə kifayət qədər yüksəkdir.
MONETAR.AZ