Qida sektorunda yeni qaydalar və dəyişikliklər müzakirə olunub

Qida sektorunda yeni qaydalar və

20 Aprel 2026-ci il tarixində AmCham Azərbaycan nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında yüksək səviyyəli görüş keçirilib. Görüş çərçivəsində qida sektorunda dövlət dəstəyi mexanizmləri və sahibkarlıq mühitinin inkişafına yönəlmiş islahatlar müzakirə olunub.

Görüşdə AmCham Azərbaycanın İcraçı Direktoru Zaur Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədri Əli Nəbiyev, və hər iki qurumun digər aidiyyəti nümayəndələri iştirak ediblər.

Qarşılıqlı müzakirələr zamanı AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində həyata keçirilən sistemli yanaşmalar və son dövrlərdə tətbiq edilən yeniliklər barədə ətraflı məlumat təqdim olunub. Xüsusilə sahibkarlar üçün prosedurların sadələşdirilməsi, xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və proseslərin fasiləsiz həyata keçirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb.

Bildirilib ki, rəqəmsallaşma nəticəsində idxal və ixrac əməliyyatlarının səmərəliliyi artmış, sahibkarlar üçün icazə prosesləri daha sürətli və əlçatan olmuşdur. Eyni zamanda, laborator xidmətlərin keyfiyyətinin yüksəldilməsi biznes fəaliyyətinə müsbət təsir göstərir. Görüş çərçivəsində yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məsələləri də müzakirə olunub. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan hazırda 70-dən çox ölkəyə qida məhsulları ixrac edir.

AmCham Azərbaycan nümayəndələri öz növbəsində üzv şirkətlərin qarşılaşdığı praktiki məsələləri və sektoral çağırışları diqqətə çatdıraraq dövlət-biznes dialoqunun daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.Qarşılıqlı müzakirənin nəticəsinə əsasən, qida sektoru üzrə normativ-hüquqi bazada nəzərdə tutulan dəyişikliklər və təkmilləşdirmələr üzrə AQTA və AmCham Azərbaycan arasında daha sıx koordinasiyanın təmin olunması nəzərdə tutulur. Bu çərçivədə, qanunvericiliyə ediləcək dəyişikliklər üzrə rəy və təkliflərin toplanması məqsədilə AmCham Azərbaycan ilə mütəmadi danışıqların aparılması və palatanın üzv şirkətlərinin rəylərin nəzərə alınması imkanları qeyd olunub.

Eyni zamanda, yeni qaydalar və tələblərlə bağlı məlumatlandırma işlərinin təşkili və dəyişikliklərin biznes subyektlərinə çatdırılması istiqamətində AmCham platforması çərçivəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Görüşün yekununda tərəflər arasında sahibkarlarla daha effektiv kommunikasiyanın qurulması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə mexanizmlərin yaradılması istiqamətində razılıq əldə olunub.