Dövlət qurumlarının avtomobilləri hərracda satılacaq

Dövlət qurumlarının avtomobilləri hərracda

Bu gün saat 10:00-da müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələri Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, eləcə də digər dövlət qurumlarının balansında olub. Siyahıda müxtəlif markalı minik və yük avtomobilləri yer alır.

Satışa çıxarılan nəqliyyat vasitələri arasında “Honda Accord”, “Hyundai Sonata”, “Chevrolet Niva”, “Fiat Doblo”, “Nissan Teana”, “Land Rover”, “BMW”, “Volkswagen Passat” və digər markalar mövcuddur. Buraxılış illəri əsasən 1990–2017-ci illəri əhatə edir.

İlkin satış qiymətləri 800 manatdan başlayaraq 27 min manata qədər dəyişir. Ən yüksək start qiyməti 27 min manat olan “BMW 530i” minik avtomobili, ən aşağı qiymət isə 800 manat dəyərində olan “VAZ-21013” markalı avtomobildir. Hərracda iştirak üçün tələb olunan beh məbləği start qiymətinin 10 faizi həcmində müəyyən edilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin bir hissəsi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlara məxsusdur.

MONETAR.AZ