Bakı və Şəkidə kiçik dövlət müəssisələri təkrar hərraca çıxarılır

Bakı və Şəkidə kiçik dövlət müəssisələri

Bu gün saat 10:00-da Bakı və Şəki şəhərlərində kiçik dövlət müəssisə və obyektləri təkrar hərraca çıxarılacaq.

Hərraca çıxarılan obyektlərdən biri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 4 saylı “Gilavar” kafesidir. Obyekt Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti-nin tabeliyində olan “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsə məxsusdur. Kafenin ümumi faydalı sahəsi 324,8 kvadratmetr, torpaq sahəsi isə 882 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 66 min 300 manat, torpaq sahəsinin qiyməti 100 min manat olmaqla, ümumi start qiymət 166 min 300 manat təşkil edir. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh 16 min 630 manatdır.

Digər obyekt Azərbaycan Sənaye Korporasiyası-na məxsus Şəki rayonunun Qızılarx kəndində yerləşən əmlak kompleksidir (tövlələr). Kompleksin ümumi faydalı sahəsi 3381 kvadratmetr, torpaq sahəsi isə 17 min 424 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 110 min manat, torpaq sahəsinin qiyməti 70 min manat olmaqla ümumi start qiyməti 180 min manat müəyyən edilib. Bu obyekt üzrə 10 faiz beh məbləği 18 min manatdır.

Qeyd edək ki, hərraclar Bakı və Şəki şəhərlərində müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək. Bakı şəhəri üzrə hərrac Əmlak Məsələləri Dövlət Xidməti-nin inzibati binasında (Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20), Şəki şəhəri üzrə isə Heydər Əliyev prospekti, 9A ünvanında təşkil olunacaq.

 MONETAR.AZ