ABŞ iqtisadiyyatı indiyə qədər İranla bağlı münaqişənin biznes fəallığına məhdud təsirləri fonunda sabitlik nümayiş etdirib, lakin “Barclays” bankı hesab edir ki, bu dayanıqlığın davamlılığı hələ də açıq sualdır.
Bankın proqnozuna görə, birinci rübdə ABŞ-ın ÜDM artımı mövsümi təsirlər nəzərə alınmaqla illik ifadədə 2,3% təşkil edəcək. Bu göstərici GDPNow modelinin qiymətləndirməsindən təxminən 1 faiz bəndi yüksəkdir.
“Barclays” bu fərqi əsasən keçən il federal hökumətin fəaliyyətinin dayandırılmasından sonra dövlət xərclərinin normallaşması ilə izah edir.
Bank 2026-cı ildə ÜDM artımı üzrə əsas proqnozunu 4-cü rübdən 4-cü rübə müqayisədə 2,4%, 2027-ci il üçün isə 1,5% səviyyəsində saxlayır.
Mart ayında sənaye istehsalının aylıq 0,5% azalması gözləniləndən zəif olsa da, “Barclays” bu enişin əsasən kommunal xidmətlər, avtomobil istehsalı və mədən sənayesi kimi dəyişkən komponentlərin normallaşması ilə bağlı olduğunu, real tələbin zəifləməsini əks etdirmədiyini bildirir.
Süni intellektlə bağlı investisiya məhsullarına tələbat bu il “xüsusilə yüksək” kimi qiymətləndirilir.
İstehlak xərcləri isə daha zəif sahə olaraq qalır və fevral göstəricilərinə əsasən illik ifadədə rüblük 0,8% artım səviyyəsindədir. “Barclays” mart ayı pərakəndə satışlarının aylıq 1,3% artacağını, “nəzarət qrupu”nun (əsas daxili tələbi daha dəqiq göstərən göstərici) isə 0,3% yüksələcəyini proqnozlaşdırır.
Büdcə siyasətinə gəlincə, bank 2026 və 2027-ci maliyyə illəri üçün büdcə kəsiri proqnozunu 2 trilyon dollara qədər yüksəldib. Buna tarif gəlirlərinin azalması ehtimalı və müdafiə xərclərinin artması səbəb kimi göstərilir. “Barclays” hesab edir ki, bu amil geosiyasi risklərin tələba təsirini qismən yumşaltmalıdır.
Federal Ehtiyat Sistemi (FED) üzrə gözləntilərə görə, bank aprel ayında faiz dərəcələrini dəyişməz saxlayacaq. 25 baza bəndlik endirimlərin 2026-cı ilin sentyabrı və 2027-ci ilin martı üçün nəzərdə tutulduğu bildirilir. Bununla belə, bank faizlərin daha uzun müddət yüksək saxlanması riskinin də mövcud olduğunu qeyd edir.
MONETAR.AZ